: Xarici edebiyyat - 1 Февраля 2010 - Персональный сайт
Şənbə, 18/05/2024, 22:32
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Fevral » 1 » Xarici edebiyyat
03:47
Xarici edebiyyat
                                                                                    Tərcümə Kamil Vəli Nərimanoğlu
                                                                           JORJ BLON
                                                           ÖLÜMƏ  YÜRÜŞ
Mən lemminqəm. Biz lemminqlər artıq neçənci nəsildir ki, öz yaylamızda xoşbəxt həyat sürürük. Bizim öz gecəmiz, öz gündüzümüz var. Gündüzlər biz ehtiyat üzündən yuvamızdan uzaqlaşmırıq, günün bu çağında biz daha ağıllı, dinc və sakit oluruq. Toran qarışanda yuvadan bir az aralanmaq da olar, ancaq onda da öz təbii sərhədimizdən kənara çıxmağa cəsarət etmirik. Ot-ələf yeyir, ağacların zoğlarını, ağcaqayının zərif qabığını gəmiririk. Gecələr soyuq olmayanda xeyli gec qayıdırıq, yem axtarırıq, ya da eləcə ayın-ulduzun altında oynaqlaşırıq. Günlər keçir, həftələr ötür. Getdikcə gün uzanır və bu zamanlar biz dişilərə meyl edirik. Hər lemminqin arzusu odur ki, öz xasiyyətinə uyğun bir sevgili tapsın və burnunu xəfıf-xəfif onun burnuna sürtsün. Özü də bu sevgi oyunları rəqabətdən-filandan, qısqanclıq və bu sayaq faciələrdən uzaq olur. Bu uzun gündüzlərdə hər bir lemminqə öz adaxlısından bir, yaxud iki yadigar bala qalır.
 
Sonra yenidən uzun gündüzləri uzun gecələr əvəz edir. Torpaq qarla örtülür. Biz yuvalarımıza çəkilir, torpaq altında soyuqdan gizlənir, bütün qışı otla örtülmüş yuvada yumurlanıb yatırıq. Hərdən lemminqlərdən biri oyanır, toplanmış yem ehtiyatından bir az yeyir, sonra yeraltı yollarla yuxarı çıxıb bayıra boylanır. Oradasa şaxta, qar, zülmətli gecə. Geriyə, tez geriyə! Sonra uzun gündüzlər yenidən geri qayıdır və hər şey təzədən başlayır. Bəli, o zamanlar biz xoşbəxt idik, çox xoşbəxt. Bəs nə üçün indi hər şey dəyişdi? Niyə bu acı fəlakət canavarları, yırtıcı quşları deyil, bizi, Allahın bu dinc canlılarını haqladı? İndi mənim dayandığım bu yad sahildə bizim böyük tayfamızın qalıqları - cəmi bir neçə lemminq taqətsiz halda sərilib qalıb: ya ölüblər, ya da artıq can üstədirlər. Ola bilsin, bir azdan mən də öləcəyəm. Bizi buraya sürüyüb gətirməyə əgər gücümüz qalsaydı daha uzaqlara qovacaq amansız taleyin qurbanı kimi sizə öz faciəli tarixçəmi danışmaq istəyirəm. * * * Bu qeyri-adi şərtiliyə - sözü lemminqə verdiyimə görə qoy oxucum məni bağışlasın. Vaxtı ilə Hamlet bu lemminqlərdən birini görsəydi, "siçovul", "siçovul" - deyə qışqırardı. Zahiri görünüşünə görə onu balaca marmonta da oxşatmaq olar, ancaq lemminq sürünmür, yüngül sıçrayışla hərəkət edir. İpək kimi yumşaq xəzi, sarı xalla örtülmüş qırmızımtıl pəncələri, açıq rəngli qarnı ona xüsusi yaraşıq verir. Ağıllı, oynaq gözləri var. Ancaq bilmirəm, mənim bu zərif canlını öz dili ilə danışdırmağa haqqım çatırmı? Əhvalatı bütün təfərrüatı, incəliyi ilə oxucuya çatdırmaq üçün bunu ən yaxşı üsul hesab edirəmsə, nə üçün belə bir şərtiliyə bəraət qazandırmalıyam. Mən belə düşünürəm ki, lemminqlərin ağlasığmaz macəraların əsasında düşüncə, fıkir, ya mücərrəd anlayış deyil, humoral dəyişiklikdən doğan bir hiss, sarsıntı dayanır. Lemminqlərlə bağlı bütün nağılları bir kənara qoysaq (lemminqlərdən yazan ilk müəlliflər onların yağış kimi göydən töküldüyünü iddia edirlər), başqa heyvanlar kimi lemminqlərin səyahət ehtirasınıda endokrinoloji - sinir sisteminin pozulması ilə izah etmək olar. Biz burada yenidən bir sıra tampacalarla qarşılaşırıq. Axı humoral prosesin nəticəsi olan davranışın dəyişməsi həm də bizim, bütün insanların oqismətidir. Öz kiçik qardaşlarımızla birgə biz də bu istibdadın yükünü çəkirik: o, bir anda bizim vurğunluğumuzu qat-qat artıra bilər, bizi lirik bir ovqata kökləyə bilər, bizə cəsarət verər, ağlın bütün hökmlərini boğar, elə bir təhlükəni uydurar ki, adi vəziyyətdə biz onu mütləq hesaba alardıq. Qismən elə buna görə mən lemminqi özümə hekayətçi seçmişəm. Bu xalqa birinci şəxsin dilindən təhkiyə mənə canlı və ifadəli görünür. Yadıma düşəndə ki, görkəmli fransız alimi, balinalar üzrə mütəxəssis, professor Budner öz povestində çəkinmədən sözü qozbel balinaya verib, bu üsulun qanuniliyinə olan son şübhələrim də yoxa çıxdı. Norveç lemminqləri bu ölkənin ən ucqar şimal hissəsində - dağlarda, yüksək yaylalarda yaşayır. İndi isə sözü öz hekayəçimə verirəm. Hərdən mən bacardıqca gec-gec lemminqin sözünü kəsib, onun duyub seçə bilmədiklərini özüm danışacağam.
* * * Hər şey ondan başladı ki, biz həddən artıq çoxaldıq. Mən bu barədə çoxdan düşünürdüm. Və yəqin heç vaxt öyrənə bilməyəcəyəm ki, mən anadan olanda və mənim gəncliyimdə biz nə qədərdik. Biz yeraltı keçidlərdə, açıq səma altında görüşürdük, ancaq hamımız birdən yuvamızı tərk eləmirdik. Hər ailənin öz yuvası var idi və hər bir gənc lemminq ərsəyə çatanda valideynlərini tərk edib özünə ayrıca yuva qururdu. Əlbəttə biz mehriban idik, amma çox da yox. Rastlaşanda burnumuzu bir-birinə sürtüb, ələlxüsus cavanlar dostcasına döyüşür, açıq havada oynaqlaşırdı - bizim ictimai həyatımız bundan ibarət idi. Qalan şeylərdə hərə yalnız özü üçün yaşayır, özü üçün çalışırdı. Hətta ən iri yuvada da birgə yaşamağı xoşlamırdıq. Mən yuvadan çıxanda tək-tənha gəzib dolaşmaq istəyirdim. Hər şeydən də çox toran qovuşanda gəzməyi xoşlayırdım. Sönük işıq gözümü qamaşdırmırdı. Bəzən də dörd yanı qatı duman bürüyür, göz-gözü görmürdü. Göydə quşlar uçurdu, amma biz onları görə bilmirdik. Yalnız qanadlarının şappıltısını eşidirdik, lemminqlər göz qırpımında yoxa çıxır, gözlənirdilər. Bu boyda dünyada yalqız qalırdım. Şehli otları qırpır, torpağı eşib bitki köklərini gəmirir, daşların üstündən hoppanıb düşürdüm, o qədər oynaqlayırdım ki, ürəyim şiddətlə döyünməyə başlayırdı, azacıq yorğunluq duyan kimi yuvamıza tələsirdim, çünki xasiyyətimə yaxşı bələd idim, bilirdim ki,yolda qəfildən məni yuxu tuta bilər. Bir neçə saniyəlik yata bilərəm - belə bir yuxu isə ölümə bərabərdir. Yuvasından uzaq düşüb, yatıb-yuxulamış lemminqləri quduz düşmənlər pusub gözləyirdilər. Ailə qurandan sonra da tək gəzmək vərdişini tərgidə bilməmişdim. Mənim arvadım körpələrlə məşğul idi, amma o özü də gəzməyə çıxanda təkcə çıxırdı. Balacalar böyüyəndən sonra mən ailədən uzaqlaşır, özümə təzə yuva seçirdim. Beləcə ömür sürürdük, bəlkə də yeknəsək, amma dinc və xoşbəxt yaşayırdıq; özləri barədə danışmağı sevməyən təvazökar adamların həyatına bənzəyirdi bizim həyatımız. Günlərin bir günü, qışın sonunda yuvamdan çıxıb yeraltı şəhərimizin çıxış qapılarından birinə yollandım. Yuxarıda kolların çox dadlı qabığı var idi, ancaq mən təzə yem üçün darıxmışdım. Yolda daha üç lemminqlə rastlaşdım, onları tanımaq olmurdu, bir-birini itələyə-itələyə qabağa soxulurdular. Lemminqlərdən biri hətta qəzəblə ciyildədi də. Bu, məni çox təəccübləndirdi. Yuvanın ağzında adət üzrə ayaq saxlayıb vəziyyəti öyrənmək istədim. Qar ay işığı altında parlayırdı, bəzi yerlərdə qar topalarından da yuxarıda iri-iri qayalar qaralırdı. Məndən bir neçə aralıda lemminqlər cırtdan ağcaqayınların kökünü gəmirirdilər. Mən gözləməzdim ki, onları bu qədər çox görəcəyəm. Qar basmış kolların ətrafında toplanmış lemminqlər əvvəllər olduğu kimi sakit, dinc deyil, hay-küylü, əsəbiydilər, itələşə-itələşə, çığırışa-çığırışa ağaca tərəf can atırdılar. Hara baxırdın lemminq idi, harasa tələsir, vurnuxurdular, yuvadan xeyli uzaqlarda, açıqlıqda tullana-tullana gəzirdilər. Ağılsızlığa bax! Əgər sonradan məlum olsaydı ki, bu sarsaqların çoxunun qarnı üstündə ölçüsü qalıb – yorğunluq­dan yatıb, donublar, zərrəcə də təəccüblənməzdim. Yerin təkindən lap yanımdan daha iki lemminq sıçrayıb çıxdı. İrəli cumdular, bir kolu əhatəyə almış lemminq topasının ətrafında bir xeyli hərlənib-fırlanıb çölə sarı qaçmağa üz qoydular və bir azdan gözdən itdilər. Bu qeyri-adi mənzərəni seyr edəndə ürəyim şiddətlə döyündü. Hələ də tərəddüd içində yuvanın ağzında dayanıb çölə çıxmaq üçün münasib vaxt gözləyirdim, ancaq birdən mən də içimdə uzaqlara qaçmaq, başqa lemminqlər kimi atılıb-düşmək istəyi duydum, buraya təzə yem üçün gəldiyimi artıq unutmuşdum. İndi artıq yeganə bir istəyim var idi: hərəkət eləmək. Məndə indiyəcən eçirmədi­yim bir hiss yaranmışdı. Ürəyim şiddətlə döyünürdü. Mən daha dözməyib irəli cumdum, qarın içində atılıb-düşməyə, ora-bura qaçmağa başladım. Sonra qaçıb özümü dəstəyə çırpdım, lemminqləri itələyə-itələyə kolluğa soxuldum ki, ağac qabığı gəmirim. Bir təhər qarnımı doyurdum və geriyə dönüb təzədən dəstənin içindən özümə yol açmağa başladım, o qədər həyəcanlı idim ki, lemminqlərlə birgə necə zingildədiyimi də hiss etmirdim. Bu çılğın vəziyyətdə nə qədər qaldığımı söyləmək çətindir. Ancaq o yadımdadır ki, qəfıldən burnumun donduğunu hiss elədim. Demək, başımı hələ tamam itirməmişdim və bu xəbərdarlıq mənə bir əmr təsiri göstərdi. Mən geriyə dönüb yuvaya dürtüldüm. Bütün keçid mənim kimi yuvasına tələsən lemminqlərlə dolu idi. Üstəlik yuvanın dərinliyindən bizə tərəf lemminq seli axıb gəlirdi. Dəhşətli bir basabas idi. Biz hamımız zülmət içində vurnuxur, bir-birimzi itələyir, çığırırdıq. Yorulub, əldən düşmüş yuvama çatdım və elə o dəqiqə də yuxuya da getdim. Belə hallar tez-tez təkrarlanmağa başladı. Bir neçə dəfə keçid yollarındakı səsdən və vurnuxmadan oyandım və məndə də yuvadan çıxıb getmək arzusu oyandı. Həmişə yuvaya olduqca yorğun qayıdırdım və elə o anda yatırdım, ancaq xilasedici yuxular get-gedə qısalırdı. Mən tez-tez yuxudan ayılır və dinməzcə uzanıb ətrafdakı qaçhaqaçı, səs-küyü dinləyirdim. Bizim yeraltı şəhərimizin əvvəlki sakitliyindən, qayda-qanunundan əsər-əlamət qalmamışdı. Oraya dönmək üçün məndə istək az, lap az qalmışdı. Xoşbəxt həyatımız sona çatmışdı və biz bunun səbəbini heç cürə anlaya bilmirdik. Qış çıxmaqda idi. Qarlı yamaclarda günəşin ilk şüaları bərq vururdu. Gecələr qısalır, gündüzlər uzanırdı. Biz alaqaranlıqda yuvadan çıxıb acgözlüklə qar altından boylanan bitkilərin üstünə atılırdıq, amma yenə də vurnuxur, itələşirdik. Ağlını itirib yuvadan xeyli uzaqlaşan lemminqlər isə səssizcə uçan bayquşların, ya da göydən daş kimi tökülən sarların qurbanı olurdu. Elə o vaxtlar anladım ki, biz tədricən öz şəhərimizdən qopub ayrılırıq: şəhərimiz dolub daşırdı. Qabaqlar - hər birimiz ayrıca yuvada yaşayırdıq, ancaq indi yuvalar xeyli artmışdı və sıxlıq bizi boğurdu. Yeraltı yollar, demək olar, fasiləsiz şəkildə axıb gedən lemminqlərlə dolu idi. Dar keçidləri genəltmək üçün bir torpağı oyur və bəzən özümüz də istəmədən evin divarını, damını söküb uçururduq, beləcə şəhərimizi - indi bu qədər nifrət etdiyimiz şəhəri dağıdırdıq. Bu şəhəri atıb qaçmağa, baş alıb hara gəldi qaçmağa-qurtulmağa can atırdıq. Biz hamımız bayıra çıxanda o qədər çox görünürdük ki, özümüz də qorxurduq. Mən yalnız bu basırıq və səsli-küylü şəhərdən deyil, törəyib artaraq hər tərəfi ağzına almış lemminq kütləsindən də uzağa qaçmaq istəyirdim. İstəyirdim bir vaxtlar yaşadığım sakit dinc həyata qayıdım. Dinclik istəyi, keçmişin xiffəti məni təbdən çıxarırdı. Hiss eləyirdim ki, o biri lemminqlər də mənim günümdədir. Hamı həyəcanlı, əsəbi və hirsli olmuşdu. Hər bir görüş dava-dalaşla qurtarırdı. Biz burnumuzu dostcasına bir-birmizə sürtmək­dən­sə, itələşir, qışqırır, bir-birimizin üzünə tüpürür, dalaşırdıq. Günün uzanmağı ilə sevgi çağı yetişdi. Əvvəllər bu dövrü çox xoş keçirirdik, İndi isə elə bil əsl cəhənnəmə düşmüşdük. Ehtiras bizi dəhşətli bir qüvvə ilə bürümüşdü. Biz onsuz da kiçik bir bəhanə ilə dava-dalaşa hazır idik, indi dişi lemminqlər üstündə gedən döyüşlər müdhiş bir şəkil almışdı, halbuki dişilər kefin istəyən qədər idi. Biz leş və ümumən ət yemirik, ona görə də məğlub olanların cəsədi qalıb çürüyür, ətrafa üfunət yayırdı. Belə bir dəhşətli mühitdə dünyaya təzə lemminq nəsli gəlirdi. Qəribə olsa da, bu körpələr öz atalarından, babalarından daha tez böyüyür və bizim kimi əsəbi, qorxaq, azğın və həyasız olurdular. Gör bizim tayfanın başına necə müsibət gəlmişdi ki, lap südəmər lemminqlər özlərinə dişi axtarır və onların uğrunda qəddarlıqla vuruşurdular: ən dəhşətlisi də o idi ki, biz valideynlər də ağlımızı itirmişdik. Biz bu gənc nəsillə rəqabət aparır, onlarla öz tay-tuşumuz kimi çarpışırdıq. Mənim yaşıdım olan dişi lemminqlər indiyəcən ildə bir, uzaqbaşı iki dəfə bala verirdilərsə, bu yazdan üç, hətta dörd dəfə balalamağa başlamışdılar. Aydın idi ki, bu cür çox gedə bilməz. Şəhərimizdə yaşamaq tamamilə dözülməz olmuşdu, biz hamımız təlaş içində idik və tək bir şey istəyirdik -qaçmaq, hara olursa-olsun qaçmaq, bu dəhşətli basırıqdan uzaqlaşmaq! Nəhayət günlərin birində sübh çağında biz yola düşdük. Yuvaların ağzı, dörd bir yan lemminqlərlə dolu idi. Bu dəhşətli basırıqdan bir dəqiqəyə də olsa ayrılmaq üçün mən bir ağacın budağına dırmaşdım - oradan bütün lemminq tayfası ovuc içindəki kimi apaydın görünürdü. Gülməli və kədərli mənzərə idi. Lemminqlər dörd bir yana yayılaraq çağırışır, bir-birini dişləməyə can atırdılar. Qəflətən elə mən dayandığım budağın altından lemminq topasının içindən bir erkək lemminq irəli atıldı. Mən onun günbatana doğru tələsdiyini, yamac aşağı cumduğunu gördüm. Əvvəllər heç kəs bizim yaylanı tərk etməmişdi. Ancaq bu lemminq onun sərhədini keçərək geri belə baxmadan irəliləyirdi. Bu qeyri-adi qəhrəmanlıq dərhal öz təsirini göstərdi. Onun ardınca dörd, sonra on, otuz lemminq də yamac aşağı götürüldü. Onlar dəli kimi irəliyə doğru can atırdılar. Mən onların ardınca baxıram, ürəyim şiddətlə döyünür. Bir göz qırpımında yerə sıçrayır və yamaca doğru qaçıram. Bir neçə saniyədən sonra, yaylanın lap sərhəddində ayaq saxlayır, geriyə baxıram. Lemminqlər dəstə-dəstə mənə tərəf axışırlar. Bir də onu görməyə macal tapmıram ki, bəzi lemminqlər yuvanın ağzında qalıb, bəziləri isə hətta yuvaya qayıdıb - bundan artıq heç nə görə bilmirəm, lemminq dalğası məni ağzına alıb burulğanlı çay kimi üzü aşağı aparır. * * * Bütün əlamətlərinə görə o il adi illərdən olsa da lemminqlər hədsiz dərəcədə ar­tıb törəmişdilər. Bəzi alimlər bunu ilin çox isti keçməsilə izah edirlər, bəziləri isə ra­zılaşmayıb deyirlər ki, lemnıinqlərin hədsiz çoxalması təkcə bununla izah edilə bilməz, çünki bu cür istilər əvvəlki illərdə də olub, ancaq həmin hadisə baş verməyib. Naməlum səbəbdən - isti-soyuqdan asılı olmayaraq "lemminq ili" gəlir. Bu il qeyri-bərabər nisbətdə təkrar olunur: dörd ildən bir, beş, on və daha çox illərdən bir. Belə illərdə lemminqlər çox əsəbi və narahat olur, yuvalarındakı basırıqdan yaxa qurtarmaq üçün doğma yurdlarını atıb gedirlər. Əgər lemminqlər bilsələr ki, bu artım zamanı onların sayını nizamlayan qütb bayquşlarının, sarların və başqa yırtıcı quşların yuvasında nələr olur, necə dəhşətə gələrdilər. Həmin il bu quşların yuvasındakı balalar həmişəkindən qat-qat çox olur. Tüklü dişi sar üç-dördü əvəzinə beş və altı, ağ bayquş beş-altı bala əvəzinə səkkiz-on bala çıxarır. O yerlərin digər quşlarında da eyni vəziyyət müşahidə edilir. Lemminqlərin yerüstü düşmənlərinin sayının artıb-artmadığını söyləmək isə çətindir, burası da var ki, sincab, şimal tülküsü və qütb dairəsinin digər yırtıcıları öz yuvalarını gizlətməyi bacarırlar. Hər halda yerli əhali bu zamanlar onlara əvvəlki illərdəkindən daha çox rast gəlirlər. Onlar lemminqlərin ardınca öz yaylalarını tərk edib vadi boyunca qərbə doğru gedirlər, bilirlər ki, bomboz lemminq axını gec-tez bu yerlərdən keçəcək. Elə bil lemminqlərin artıq hissəsini məhv etmək üçün gözəgörünməz bir sərkərdə-piyada və hava qüvvələrini çəkib bura gətirir. "Lemminq ili"ndə daha bir maraqlı hadisə müşahidə edilir. Bizim köçəri lemminqlərlə heç bir əlaqəsi olmayan, bəzi qeyri-yırtıcı quşlar, xırda gəmiricilər də bu vaxtlar həddən artıq çoxalırlar. Elə bil kainatda nəsə qeyri-adi hadisə baş verir və bu hadisənin əks-sədası, sirli şüası planetmizin kiçik bir guşəsinə yetişib hansısa bir həyat enerjisini artırır. Görünür, bu sirli hadisə iqlimə və bitki örtüyünə təsir göstərmir, amma bəzi quşların və heyvanların hədsiz çoxalmasına səbəb olur... Biz bu söhbəti edərkən lemminqlərin irsi düşmənləri onlara havadan və qurudan hücuma keçməyə hazırlaşırdılar. * * * Üzüaşağı düşdüyümüz yamac bizi çox geniş, dümdüz, hamar bir vadiyə çıxardı ki, burada təkcə sıx, top halında deyil, sərbəst şəkildə də hərəkət etmək mümkün idi. Bu, hamıya bir yüngüllük gətirdi. Biz nəm torpağın üstündə cəld hərəkət etsək də, daha dəli kimi irəli can atmırdıq. İrəlidə hamımızdan qabaq yaylanı tərk edən lemminq gedirdi. Onun ardınca on-on iki cərgə, onlardan sonra isə vahid cəbhə kimi yerdə qalan lemminqlər düzülümüşdü. Bu sayaq biz bütün günü, sonra bütün gecəni yol getdik. Sağımızda çayın şırıltısı eşidilirdi. Səhərlər dincəlmək üçün dayanırdıq. Amma yuva qazmırdıq, hamı bilirdi ki, qarnımızı bərkidib dincəldikdən sonra yolumuza davam edəcəyik. Buradakı tərtəzə ot bizim yaylaqdakından xeyli sıx və ləzzətli idi. Bu sayaq bir neçə gün yol getdik, gecələr gedir, səhərlər isə yatıb dincəlmək üçün ayaq saxlayırdıq. Tezliklə yolumuzu gur bir çay kəsdi. Vadi kəskin şəkildə cənuba sarı əyilirdi, biz isə üzü qərbə doğru yolumuza davam etməliydik. Günəşin ardınca getmək - bu, bizim həyat qanunumuz idi. Yurdumuzu tərk edəndən bu qanunla yaşayırdıq, qırılırdıq, məhv olurduq, ancaq nədənsə bu qanunu heç vaxt pozmurduq. İrəlidə gedən lemminq bir an belə tərəddüd etmədən suya girdi, qalanları da onun ardınca çaya tullandılar. Nəmişlik həmişə mənim xoşuma gəlib, ancaq suya girməyə heç vaxt cəsarət etməmişəm. Yazda, payızda yaylamızda nohura rast gələndə mən ondan yan ötməyə çalışırdım: ancaq o gün tərəddüd etmədən özümü çaya atdım və hamı ilə birgə çox sadə, təbii şəkildə üzməyə başladım. Çay çox da iti axmırdı. Hava ilə dolaraq yüngülləşmiş xəz dərimin məni necə üzdə saxladığını hiss edirdim. Başımı, çiyinlərimi sudan çıxarmışdım. Pəncələrimi avar kimi işlədə-işlədə üzürdüm: az keçmiş o biri lemminqlərlə birgə qarşı sahilə çıxdım. Bu ilk üzüşümü uzun müddət unuda bilmədim. Sərin su mənə xoş bir gümrahlıq gətirdi. O biri lemminqlər də yəqin ki, belə bir ləzzəti duymuşdular. Silkələnib üstümüzdəki suyu dağıdandan sonra hamımız əmin-amanlıqla sahilə dağılışıb ot-ələf yeyirdik. Heç kəs bir-birini itələmirdi. Hətta bəziləri dostcasına, burun-buruna sürtüşürdü, elə bil keçmiş günlərin mehribanlığı, ötüb gedən səadət dolu anları möcüzəli bir şəkildə geriyə qayıtmışdı. Yolu başa vurmuşduqmu? Yəmi bizə həmişəlik bəs edəcək bu vadidə qalacağıqmı? Yox, bu mümkün deyildi. Biz doyunca dincəlib rahatlansaq da irəli getmək ehtirası əvvəlki gücündə qalırdı. Ertəsi gün dəstə irəliyə, qərbə doğru hərəkətə başladı. Biz vadinin yamacıyla dırmaşaraq meşə ilə örtülmüş, geniş, dərə-təpəli bir yaylaya çıxdıq. Və xeyli müddət yol getdik. Neçə həftə yol yorduq. İrili-xırdalı neçə vadidən keçib getdik, amma yayla uzandıqca uzanır, qurtarmaq bilmirdi. Biz tələsmədən geniş cəbhə boyu hərəkət edirdik, tez-tez dayanır, bəzən bir neçə gün yerimizdən tərpənmirdik. Bu, sürətli bir yürüş deyil, böyük bir tayfanın köç edib getməsiydi. Dişilər yoldaca balalayırdı. Bu vaxt köçün hərəkəti bir az səngiyirdi ki, yanı körpəli analar bizimlə ayaqlaşa bilsinlər. Yola düşdüyümüz andan bəri düşmənlərimizdən bircəciyi də gözümə dəymə­miş­di. Burada, bu dərə-təpəli yaylada da onlar elə bil heç yox idi. Bəlkə də hardasa məndən uzaqlarda lemminqləri qırıb çatırdılar, ancaq mənim bundan xəbərim yox idi. Onu da deyim ki, indi biz az gedib, çox dincəlirdik, çünki gecələr lap qısalmış­dı, meşə isə etibarlı bir sığınacaq idi. Səhərin gəlişi ilə hamımız ağacların altında, alt budaqların kölgəsində yer düzəldib yatırdıq. Ətrafım0dakı lemminqlərin daha sıx topasını görəndə o saat anladım ki, vəziyyət dəyişib. Yayla kəskin şəkildə daralmış və biz bunun son hüdudlarına yetişmişdik, indi sərt yamacla vadiyə düşməliydik. Çayın axarı bizim solumuzda qalmışdı. Biz yenidən sıx dəstələrlə hərəkət etməli olduq və bu sıxlıq, bu basabas əsəbimizi korlayır, bizi təbdən çıxarırdı. Məgər biz öz yurdumuzu tərk etmiş, bu uzun yolun yolçusu olmuşduqmu? Deyə bilərsiz ki, sizin içərinizdəki ən böyük fərdiyəçilər (əfsus ki, mən də onların sırasmdayam) həmin o dərə-təpəli rahat yaylaya dönə bilərdi, yaxud da yamacla yuxarı qayıdıb özgə çıxış yolu axtara bilərdi. Yox, bunların heç biri mümkün deyildi. Geriyə dönmək heç ağlımıza da gəlmirdi. Qarşısıalınmaz bir qüvvə bizi başçımızın ardınca qərbə doğru sürükləyirdi. Yol daralanda bizi sıxlaşmağa vadar edən tale hamımızı əzablara düçar etmişdi. Biz əlindən qurtarıb qaçmağa çalışdığımız əzabı da özümüzlə aparırdıq. Lakin tayfamızı qarşıda gözləyən dəhşətlərin yanında bu əzab boş bir şey idi. Quşların ilk hücumu səhərin sübh çağında biz vadinin döngəsinə yetişib onun yamacı boyu dırmaşanda baş verdi. Birdən mənim sağımdan bağırtı qopdu. İki cüt nəhəng qanadın az qala yerə dəyərək çırpındığını və lemminqlərin qaçıb dörd bir tərəfə dağıldığını gördüm. Quş göydən daş kimi yağırdı. Sağdan, soldan, irəlidən. Lap qabağımda mənə çox iri görünən quş qanadını yerə sinmiş lemminqə çırpıb, dimdiyi ilə onun kəlləsini deşdi. Hamı həyəcanlı bir əzab içindəydi, hər tərəfi dəhşətli çığırtı bürümüşdü. Birdən duyduq ki, ağlını itirmiş kütlə məni yamaca sıxıb və burnum torpaq divara dirənib. Var qüvvəmlə torpağı oymağa başladım. Arxadan mənim yoldaşlarımın və qənimət ələ keçirmiş sarların çığırtısı eşidilirdi. Mənimlə bir sırada daha bir neçə lemminq də səbrlə torpağı oyurdu. İstəyirdik divarı oyub içində gizlənək. Torpaqda lağım açmaq bizim üçün bir içim su kimi asan işdir. Ancaq indi bu dəhşətli tünlükdə nəfəs ala bilmir, boğulurduq. Arxamdan çığırtı və hay-küy əbədiyyət qədər uzanırdı. Yırtıcı quşlar dörd yandan üstümüzə hücum çəkmişdilər. Görəsən doymaq üçün onlara nə qədər qurban lazım idi? Havasızlıqdan boğula-boğula, tələsə-tələsə həyəcan içində torpağı oyurdum. Qüvvəm tükənmişdi, arxadan gələn təzyiq bir neçə anın içində zəifləməsəydi yəqin ki, mən yorulub, ya da boğulub öləcəkdim. Dayanıb bir azacıq nəfəs almaq olardı. Arxaya dönəndə mən açdığımız lağımın ağzında işıq gördüm. Heç bir səs eşidilmirdi. Deysən, quşların hücumu kəsilmişdi. Mən elə yorulmuşdum ki, bir saniyənin içindəcə yuxunun yaxaladığı digər lemminqlərlə birgə uyudum. Səs-küyə oyananda o dəqiqə hiss etdim ki, məni yenə divara sıxırlar. Bayırda hələ işıq idi və artıq ikinci hava hücumu başlanmışdı. Məni əhatə edən digər lemminqlərlə birgə yenidən torpağı oymağa başladıq. Vadinin ətəyində sarların bizə neçə dəfə hücum etdiyini deyə bilmərəm. Əvvəlcə biz torpağı yalnız bütün lemminq kütləsinin təzyiqini hiss edəndə oyub özümüzə yol açırdıq, sonra isə fasiləsiz işləməyə başladıq, yalnız hərdən artıq nəfəsimizi dərmək üçün dayanıb dincəlirdik. Lağımı qərbə doğru qazırdıq. Hətta orada, yerin altında da qanunu pozmurduq, daim günün hərəkəti istiqamətində irəliləyir və bunu aydınca duyub dərk edirik. Qarşımıza bir maneə çıxanda yolu dəyişmir, həmin səddi döngələmə keçib yenə də qərb istiqamətində irəliləyir və bunu aydınca duyub dərk edirdik. Qarşımıza bir maneə çıxanda yolu dəyişmir, həmin səddi döngələmə keçib yenə qərb istiqamətində qazırdıq. Torpağın nəmliyindən və bitkilərin kökündən yerin səthinəcən olan məsafəni müəyyən edirdik. Az keçmiş biz üzüyuxarı oymağa başladıq. Kök-kömrək çoxalır, nəmlik artırdı. Bir az da güc verib yerin səthinə çatdıq. Qaranlıq idi, göydə ulduzlar sayrışırdı. O qədər yorulmuşduq ki, yemək haqqında fikirləşmədən o andaca yuxuya daldıq. Bu yamac çox dəhşətli yer idi. Biz gecə-gündüz dinclik nə olduğunu bilmirdik. Ot yeməyə çıxanda bayquşlar bizə səssizcə hücuma keçir, şimal tülküləri bizi güdürdü. Şimal tülküsünün kəskin iyi canımıza vəlvələ salırdı və biz gizlənmək üçün lağıma cumanda, yırtıcıların qurbanı oluruq. Onlar doyub sakitcə gedən kimi, o biriləri gəlirdi. Bir neçə gün şəhərimiz mühasirədə qaldı və getdikcə artıb çoxalan şimal tülküləri şəhərimizi dağıtmağa çalışırdılar. İri pənəcələri ilə torpağı qazır, açdığımız yolu uçurub dağıdırdılar. Yamacda qalmaq təhlükəli idi. Ancaq bu ölümcül təhlükə olmasaydı belə onsuz da çıxıb getməli idik. Lağımdakı sıxlıq bizə əvvəlki şəhərimizi xatırladırdı, irəliyə getmək ehtirası isə qarşısıalınmaz idi. Və günlərin bir günü axşam toran qovuşanda bizim yeni başçımız işarə verdi və bütün lemminq ordusu bir nəfər kimi hərəkətə gəldi. Mühasirə olunmuş şəhərdən çıxmaq dəhşət idi. Şimal tülküləri hər tərəfdən bizə hücuma keçir, yırtıcı quşlar yuxarıdan həmlə edirdilər. Ancaq nə etmək olardı! İndi bizi heç nə, hətta ölüm belə yoldan saxlaya bilməzdi. Biz özümüzdə deyildik. Lemminqlərin əksəriyyəti bu qırğından qorxmur, şimal tülkülərini uzaqdan görəndə qaçıb qurtulmur, öz düşmənlərinə cəsarətlə baxır, qəzəblə onların açıq ağızlarına tüpürür, hətta onların dodaqlarını dişləyirdilər. Bu döyüşlər həmişə lemminqlərin ölümü ilə nəticələnsə də, öz yolumuzdan geri dönməyə məcbur edə bilməzdi. * * * Çəmənlikdə küknar kollarının arxasından, açıq mavi gölün sahilində al qırmızı ləkə kimi taxta ev görünür. Evin yanında tövlə və iki pəyə, arxada ağıl. Uzaqda körfəz çaya bənzəyirdi. Suyun üzünə qara-yaşılı təpənin kölgəsi düşüb. Uzun gündüzlər artıb arxada qalıb. Ot, arpa, çovdar yığılıb qurtarıb. Qoca Katrin öz evində, mətbəxdə oturmuşdu. O, qabarlı əlində əsa kresloda sanki uyumuşdu. Baxışı kor kimi hərəkətsiz idi. Ancaq o, ətrafdakı hər şeyi görürdü. Qulaq kəsilmişdi, dinləyirdi. Qarını yalqız qoyub gedəndən bəri o, yalnız dinləməklə məşğul idi. "Gecəyəcən geri qayıdacağıq, narahat olma. Hər şey qaydasında olacaq. Ancaq sobanı qalama. Uzan yat ki, üşüməyəsən". Gəzməyə getdikləri kənd çox da aralı deyildi. Əlbəttə, hətta qundaqdakı körpəni də apardılar. Cavanlar gərək bir az əylənsinlər. İşləyirsən, yorulursan, günü-günə satırsan, ilahi, bir də gözünü açıb görürsən ki, heç bir şeyə yaramayan, meyit kimi bir qarısan. Adama nə qalır, yalnız quru xatirələr. - Əlbəttə, əlbəttə, - dedi Katrin qarı, - gedin. Məndən nigaran olmayın. Mən indi uzanıb yatıram. Ancaq o uzanıb yatmadı, öz kreslosunda lal-dinməz oturub, evin hər guşəsini, sonra tövləni, pəyəni, hini canlı bir şəkildə təsəvvüründə canlandırırdı. Qoca madyan tövlədə tək idi. İki at qoşa çarxlı arabaya qoşuluydu. Yaxşı ki, mal-qara tövlədə idi. Tox inəklərsə pəyədəydilər, kövşək vururdular. Səssizlik idi. Hətta hindəki toyuqların da səsi gəlmirdi. Onlar bu tezlikdə oturalı yatmışdılar. Katrinin fikri dolaşıb evə dönür. Burada ins-cins yoxdur. Mebel durub gəzməyəcəkdi ki, hər şey öz qaydasında olacaq. Evdə, evin yaxınlığında od-filan da yox idi, qorxulası heç nə qalmamışdı. Katrin qarı qəfildən diksindi: itlərdən biri hürdü. Hə, həyətdə iki it də var, ancaq onların nəyindən qorxasan? Tövlə, pəyə, hin onsuz da həmişə bağlı idi. İt bir də hürdü. Bəlkə kimsə gəlir? Amma kim gəlməli idi, hardan gəlməli idi? Nə at tappıltısı, nə də ikiçarxlı arabanın səsi eşidilirdi. İtlərsə elə hey hürür. Yaxşısı budur, baxım görüm nə olub. Katrin çətinliklə kreslodan qalxıb pəncərəyə yanaşdı. Heç harda heç nə görünmürdü, yol bomboş idi. Ancaq itlər bu tərəfdə deyildi. Katrin o biri pəncərəyə yaxınlaşıb onu açdı. İtlərin hamısı hürə-hürə harasa qaçır və həyətin künc-bucağında gizlənirdilər. Katrin əsasına söykənə-söykənə qapıya yönəlib həyətə çıxdı. Evin ardına çıxanda tövlə, pəyə görünürdü. Katrin ora-bura qaçışan qaratıları seçə bildi. Bunlar keçilər idi. Onlar ora-bura atılır, itlər hürur, hey hürür, elə bil dovşan qovurdular. Axı, keçi ki, dovşandan qorxmur. Bəlkə canavar gəlib? İndiki vaxtda çətin ki, canavar ola. İtlər hürə-hürə canavarın dalınca düşməz. Əlbəttə, yox! Katrin əlini gözünün üstünə qoyub uzaqlara baxdı, gözləri qaralınca baxdı. Ona elə gəldi ki, keçilər harasa yox oldular. Sakit, boş çöldə yalnız itlərin səsi eşidilirdi. Bu səs də gah kəsilir, gah da yenidən gəlirdi. İndi itlər evə yaxınlaşırdı. Bəli, tamamilə doğrudur, indi onlar yaxınlaşmaqdadır. Qoca Katrin ağılın yanında itləri gördü. Onlar quduzlaşmış kimi hürür, zingildəyir, mırıldayır, bir-birini dişləyirdi. Həyətə iri bir pişik qaçıb girdi. O, dişində nə isə tutmuşdu. Siçovulmu, quşmu? Pişik evin dalında gizləndi. Tapdaq yerin qurtardığı yerdə otlar elə bil titrəyirdi. Bir neçə saniyə sonra tapdaq yerdə nəsə qara ləkələr əmələ gəlməyə başladı. Katrin lemminqləri tanıdı. Yaşadığı uzun illər ərzində o, lemminqləri azı dörd, ya beş dəfə görmüşdü. Ferma lemminqlərin köç yolu üstündəydi. Neçə dəfə zəmiləri, əkin yerlərini dağıdıb viran qoymuşdular. İndi də qarının ağlına ilkin gələn bu oldu: "Allaha şükür ki, məhsul yığılandan sonra gəlib çıxıblar". Lemminqlər isə artıq bütün həyəti bürümüşdülər. Onları ayağının altında görəndə Katrinin yadına düşdü ki, evin giriş qapısını arxadan bağlamayıb. Lemminqlər geniş cəbhə boyu çay kimi axıb gəlir, hər iki tərəfdən tikilini bürüyürdülər. Tövlədə madyan kişnədi. Qoca Katrin evə tələsdi, hər tərəfi ağzına almış lemminqlərin arasından özünə çətinliklə yol aça-aça qapıya tərəf yönəldi. Lemminqlər qapının ağzına yığışıb ciyildəyə-ciyildəyə bir-birini sıxışdırırdılar. Hələ də ağıldan itlərin səsi gəlirdi. Nəhayət, Katrin qapının ağzına çatdı. Lemminqlər onun yanından ara verməyən axınla keçib gedirdilər. Soldakı açıq pəncərədən içəri soxulur, qarşıdakı pəncərəninsə iki şüşəsini sındıraraq evə təpilirdilər. Onlar stolların, stulların, döşəmənin üstündə oradan-buraya, buradan-oraya tullanır, bu pəncərədən o pəncərəyə atılır, bir yerdə bir saniyə belə dayanmırdılar. Katrin elə ki, lemminqlərin iti dişlərinin ayağına yapışdığım hiss elədi, əsasını qaldırıb açıq pəncərəyə yaxınlaşdı. Lemminqlərdən biri onun önlüyünün ətəyindən sallanmışdı. Yıxılmamaq üçün o, stoldan yapışdı. Lemminqlər ciyildəşir, vurnuxur, az qalırdılar stoldan düz onun üzünə atılsınlar. Katrin geri çəkildi, onun əlləri əsir­di. O, bilirdi ki, lemminqlər insan üçün də, heyvan üçün də təhlükəli deyil. Ancaq qarı onlarla bacara bilmirdi. O, pəncərəni açıq qoymuşdu, indi nə edə bilərdi? Ca­van­­lar qayıdanda nə deyəcəklər? İlahi, nə deyəcəklər? İtlər artıq həyətdə hürürdülər. Dörd it və iki pişik qan içində dəm tutmuş adam kimi qaçışırdı. Lemminqlər hücumu dəf edir, onların dişinə keçməzdən əvvəl mü­da­fiə olunmağa cəhd göstərirdilər. O birilər isə öz yolunu davam etdirir, civildə­şir­dilər. Pəyədə inəklər böyürür, tövlədən kişnərti səsi gəlirdi. Mal-qara da bu dəhşə­tli axını hiss eləmişdi. Katrin qapının yan taxtasına sıxılıb ağlayırdı, onun qapalı gözlərindən yaş sü­zülürdü. Axı, o, yazıq, bədbəxt bir qadındı, - tamam köməksizdi, qorxudan tir-tir əsir­di. Bu dəhşət nə qədər davam edəcək? Lemminqlər saatlarla gəlib keçə bilərdilər. Artıq zülmət düşürdü, indi gecə başlayacaqdı. Katrin gözlərini açdı. Tövlədən göy gurultusuna bənzər dəhşətli bir səs gəlirdi. Deyəsən, lemminqlər tövləyə girmişdilər. İlahi, onlar tövləyə necə girə bilərdilər? Onlar güman ki, artıq oradadırlar! Madyan şıllaq atır, təpiyini harasa çırpırdı. Katrin donub bu gurultunu dinləyirdi. Ən dəhşətli bir şey baş vermişdi. At özünü o yan-bu yana çırpıb əzəcək, bəlkə də öldürəcəkdi. Onu tez açıb buraxmaq lazım idi. Qoca Katrin lemminqlərin sıx dəstəsinin arasından keçməyə çalışırdı. Lem­minq­lər ciyildəyir, itlər hürür, inəklər böyürür və bütün bu hay-küy tövlədən gələn gurultunun içində hərdən eşidilməz olurdu. Və Katrin cəsarətlə bu gurultuya sarı gedirdi. Tövlənin qapısı lap onun qabağında, bir neçə addımlığında idi. Qapının altından lemminqlər sürüşüb içəri keçirdilər. Onlar özlərinə yol aça bilmişdilər! Yəqin bütün tövləni doldurublar, madyanın ayağmın yanında fırlanırlar! Katrin əsanı sağ əlindən sol əlinə keçirdi və iri açarı burdu. Hə, hazırdı. Bircə ağac siyirtməni sağa burmaq qalırdı. Bir də qapının sol tayı qalırdı, o biri tay içəridən bağlı idi. Qapının yalnız sol tayı açıldı, o biri tay içəridən bağlı idi. Madyanın ayaqlarının qəzəbli tappıltısı bütün səsləri batırmışdı. Elə bil Katrinin qulağının dibində göy guruldayırdı. Lemminqlər yeriməyə mane olur, onun ayağını dişləyirdilər. O, yavaş-yavaş, olduqca yavaş-yavaş siyirtməni sağa sürüşdürdü. Madyan yəqin ki, kiminsə gəldiyini duymuşdu, ona görə də yerini dəyişib o biri tərəfə keçsə də, ayaqlarını yerə döyməkdə idi. İlahi, indi o, giriş yolunu kəsmişdi. Katrin artıq siyirtməni çəkə bilməzdi. Bu, fəlakət idi! Bu, hər şeyin sonu idi! Katrin çətinliklə nəfəs alıb tövlə qapısının ortasına yaxınlaşdı. Siyirtmə, demək olar ki, axırıncı oyuqdan da çıxmışdı, ancaq tamamilə yox, atın təzyiqi ilə onun son ucu tərpənirdi. "Çox saxlaya bilməz", - fıkirləşdi Katrin. Siyirtmə şaqqıltı ilə əyilib aşağı düşdü. Katrin geri çəkildi. O, sağa keçməkdənsə, başını itirib tir-tir titrəyən qapının qabağında dayanmışdı. Bir an da keçdi, ildırım sürəti ilə o, atın yaralı başını, dəli-divanə gözlərini gördü. Və hər şey burdaca bitdi. Ağır zərbə onun ayaqlarını yerdən üzdü, Gecə düşmüşdü. Lemminqlərin axını hələ də gecə soyuğunun dolduğu boş evin içindən keçib gedirdi. Daha güclü bir axın həyətə dolurdu. Təngə gəlmiş, yorulmuş itlər susmuşdu. Yalnız qızğınlıqdan bir-birini dişləyən lemminqlərin qulaq batıran çığırtısı və inəklərin həyəcanlı böyürtüsü eşidilirdi. Tövlənin taybatay açılmış qapısı ağzında qoca Katrinin meyidi düşüb qalmışdı. Lemminqlərin axını meyidin yanında haçalanır və meyidi dövrələmə keçib gedirdi. * * * Bitib qurtarmayan gündüzlər arxada qalırdı. İndi hər gecədən sonra günəş bir neçə saatlıq səmada görünür, yenidən zülmət düşürdü. Yolumuzun əvvəlində olduğu kimi, biz gecənin qaranlığından istifadə edərək yol gedir, gündüzlər isə dincimizi alırdıq. Ancaq artıq biz hər cür ehtiyatı, sayıqlığı, hətta ağlımızı da itirmişdik. Biz bəzən yalnız gecə, bəzən də gecəni gündüzə qataraq dincəlmədən, nəfəs dərmədən yuxulu, üzgün halda elə hey yol gedir, hətta günün günorta çağı - hər tərəfdən bizi təhlükə gözləyən bir vaxtda da yola çıxmaqdan çəkinmirdik. Hücumların sonu görünmürdü, tayamızın isə yəqin ki, yarısı qalmışdı. Şimal tülküləri vadi yamaclarına soxularaq bizi yorulmaq bilmədən təqib edirdi. Doyduqları vaxt bir az geriyə qalır, sonra yenidən hücuma keçirdilər. Bəzən şimal tülkülərinə canavarlar hücum edəndə biz bir neçə günlüyə dincəlirdik. Havadan bizə yalnız qədim düşmənlərimiz deyil, tanımadığımız naməlum quşlar da hücum edirdi. Onlar üzü bizə tərəf qərbdən uçub gəlirdilər. Düşmənin sayı-hesabı yox idi. Ancaq biz baş alıb uzaqlara, uzaqlara gedirik. Dayanmadan, az qala qaça-qaça gedirik, elə gedə-gedə də yeyirik, bunun üçün dayanıb durmuruq. Gözümüz şüşə kimidir, baxışımız bir nöqtəyə zillənib, başdan-ayağa çirk içindəyik. Bizi daim irəliyə qovan qüvvə bizə ayaq saxlamağa imkan vermir. Hamımız xəstəyə oxşayırıq, xəz dərimiz palçığa bulaşıb. Yalnız suyun içinə girib çıxanda babat görkəm alırıq. Yola düşəndən bəri çoxlu çaylar keçmişik, neçə gölü arxada buraxmışıq. Sudan sahilə çıxıb itsayağı silkələnəndə bir az yüngülləşirik, əsəblərimiz dincəlir, gərginlik azalır. Ancaq bu xoş dəqiqələr çox sürmür. Gözəgörünməz qüvvə bizi irəli qovur. Yorğunluğa, təhlükəyə məhəl qoymadan, geriyə baxmadan dəli kimi irəli can atırıq. Bəlkə də, gərək dayanaydıq. Nəfəsimizi dərib bir çayın, ya gölün sahilində qalıb bir neçə günlüyə rahatlanıb dincələydik, onda bəlkə bu divanəlik, qızğınlıq da canımızdan çıxar, həyəcanımız yatardı. Ancaq yox, biz dayana bilməzdik, biz irəliyə getməliydik. Biz heç nəyə məhəl qoymadan, qorxub çəkinmədən qabağımıza çıxan çaya atılır, onu üzüb keçir və yolumuza davam edirdik. Biz kor kimi idik. Lakin indi o günləri xatırlayıb, olub keçənləri yaddaşımda canlandıranda mənə elə gəlir ki, ilk baxışda divanəlik kimi görünən bu yürüşün mahiyyətini uzaqdan-uzağa daha aydın şəkildə izah edirəm. Mən o vaxtlar dumanlı şəkildə də olsa hiss edirdim ki, heç nəyə baxmadan inamla irəli getmək lazımdır, çünki bütün bu münasibətlərin arxasında bizim hələlik dərk etmədiyimiz hansısa bir məqsəd gizlənir. Və biz bu məqsədə doğru can atırıq. Nəyin bahasına olursa-olsun bu məqsədə yetməli və nəhayt ki, azadlığa qovuşmalıydıq. Yenidən özünə qayıtmalı, sakitləşməli, keçən günlərin itirilmiş xoşbəxtliyini tapmalıydıq. Biz təhlükədən qorxmadan, ölümə məhəl qoymadan dərkolunmaz bir cənnətə, həsrətin­də olduğumuz bir torpağa doğru irəliləyirdik. Bəli, biz azadlığa doğru gedirdik. Onu nə vaxt, hansı yolla tapacağımızı bilməsək də, əmin idik ki, yolumu­zun so­nun­da mütləq azadlığa qovuşmalıyıq. Bizi, bütün lemminq tayfasını irəli qovan da elə bu inam hissi idi. Bir neçə dəfə biz adamların yaşadığı yerlərdən keçib getməli olurduq. Əvvəlcə, onlarla görüşdən qorxurduq, lakin sonralar Qərbə doğru irəliləmək ehtirası o qədər gücləndi ki, o biri düşmənlərimiz kimi, adamların da bizə dəxli olmadı. Həm də ki, biz onlara gec-gec rast gəlirdik. Bir dəfə insanların yaşadığı şəhərin yanında yolumuzu daş divar kəsdi. Bu divar hər iki tərəfə sonsuz şəkildə uzandığından biz yeraltı keçid qazmalı olduq. Qazma işi uzun çəkdi. Hər dəfə yerin üzünə yol salmaq istəyəndə nəsə cırmaq səsi eşidir, it iyini duyurduq. İtlərin hürüşü adamların səsinə qarışırdı. Yeraltı divar mane olduğundan biz lap altdan keçməli olurduq, bəzən divardan qopan daşlar lağımın yolunu tuturdu. Orada zülmət içində dəhşətli bir mübarizə gedirdi, faciələr baş verirdi... sağ qalıb qurtulmuş lemminqlər yerin üzünə çıxanda, orada bizi itlər qarşıladı. Mən qulağımın dibindəcə dostlarımın sümüyünün itlərin dişi altında xırçıldadığını eşidirdim. Bu dəfə də tale üzümə güldü, ölümdən xilas oldum və yenidən yola çıxdım. Yenə də sağ qalmışdım, görəsən, neçənci dəfə idi ki, ölümün caynağından qurtulurdum? Bir vaxt doğma şəhəri tərk etmiş minlər, milyonlarla lemminqdən bu nəhayət­siz əngin suların sahilinə görəsən kimlər gəlib çıxmışdı? Çoxdan idi ki, çay boyunca gedirdik və bu çay bizi gətirib bu yerlərə - göz işlədikcə üzüaşağı axıb gedən əngin suların sahilinə çıxarmışdı. Biz çay suyuna bənzəməyən bir iy duymuşduq. Yolda törəyib artsaq da, indi biz az idik, çox az. Bütün tayfamız sahil boyu ada-ada yığılmışdı. Ancaq bizim sağımızda və solumuzda çayın ağzındakı qumluq lemminqlərlə dolu idi. Onlar dənizə sarı can atırdılar, elə bil lemminqlərin özü də bir çay idi, dənizə tələsirdi. Müxtəlif yeraltı lemminq şəhərlərinin yolu burada bitirdi. Onların sağ qalmış qalıqları indi bir yerə yığışırdı və hara baxırdınsa şimalda, cənubda - dörd bir tərəfdə dənizə can atan lemminq seli dalğalanırdı. Nə adamlar var idi, nə şimal tülküləri. Yerin üstündəki bütün düşmənlərimiz nəhayət ki, bizi rahat buraxmışdı. Əvəzində dalğaların üzərində çoxlu dəniz yırtıcıları dolaşırdı. Sahildən bir az aralıda çənli-çiskinli adacıqlar qaralırdı. Və bu adalarla sahil arasındakı su zolağı qonur nöqtələrlə örtülmüşdü - bunlar üzən lemminqlər idi. Sərt şimal küləyi iliyimizə işləyirdi. Uzun yollarda yorulub əldən düşsək də hamı həyəcan içində idi, suyun iyi isə bizi maqnit kimi özünə çəkirdi. Hansısa bir hiss, duyğu bizi elə hey inandırırdı ki, tez suya girmək lazımdır və bu su bizim həyəcanımızı yuyub aparacaq, bizi buxovlayan qandalı açacaq. Biz ömür boyu bu əngin sulara qovuşmağa can atmışdıq və indi səmada ara vermədən dolaşan qağayıların quduz çığırtısına, dəniz yırtıcılarına məhəl qoymadan böyük nəşə içində dənizin, köpüklü dalğaların qoynuna atıldıq... Dənizdə üzmək çayda, göldə üzməkdən xeyli asan imiş. Dalğalar aram-aram məni yuxarıya qaldırır, sonra aşağı endirirdi. Mənimlə yanaşı ətrafda çoxlu başqa qollar, çiyinlər də yuxarı qaxlıb aşağı enirdi. Dəniz bizi yırğalayırdı, bizsə pəncələrimizlə avar kimi çəkə-çəkə ləzzət içində üzürdük. Yuxarıdan bizə iri cığırğan quşlar hücum edir, lap suyun üzündə qanadlarını çırpır və dimdiklərində qurbanları ağır-ağır yuxarı qalxırdılar. Bəzən isə yaşıla çalan suyun üzündə hansısa yırtıcının tünd rəngli kürəyi peyda olur, yekə bir ağız açılıb, yumulur və lemminqlərin biri qəflətən yox olurdu. Ancaq bütün bunları heç vecimə də almırdım. Nəşə içində üzməkdə idim - azad, xoşbəxt və mənə elə gəlirdi ki, balıq kimi yüngülcə üzürəm. Ancaq yox, balıqla bizi müqayisə etmək olmaz. Tezliklə hiss elədim ki, artıq su məni bayaqkı kimi saxlamır. Əvvəllər qupquru havayla dolu xəz dərim indi bədənimə yapışıb məni aşağı çəkirdi. Çiyinlərim artıq suyun altındaydı, bircə başım üzdə idi. İrəlidə adaların qaraltıları güclə seçilirdi. Mən üzür, hey üzürdüm. Ətrafımda elə bil lemminqlər azalmışdı. Bəzilərinin cəsədi suyun üzündə cansız-cansız yırğalanır, köpüklü, soyuq dalğaların qoynunda yalnız qonur belləri görünürdü. Onlar suyun üzündə yırğalana-yırğalana qalmışdılar. Yuxarıdan quşlar, aşağıdan balıqlar onlara hücum edirdi. Mən soyuqdan titrəyirdim, yorulmuşdum. Dənizin ucu-bucağı görünmürdü. Bəzən köpüklü dalğalar başımdan aşırdı. Yaşıl suyun içində ölü lemminqləri, onların boğulub dənizin təkinə necə getdiklərini görürdüm. Hələ də mənim kimi üzməkdə davam edib, yaxın adalara can atan lemminqləri də görürdüm. Bayaq dənizin sahilində səbirsizlikdən alışıb yanırdım və bu sonsuz dənizə böyük sevinclə atılmışdım, indi isə torpaq məni yenidən özünə çəkirdi. Möhkəm torpağın üstündə olmaqdan, pəncərələrə güc verməyib dincəlməkdən, yuxuya dalmaqdan da böyük xoşbəxtlik vardımı? Yorğunluq və yuxuyla mübarizə - açıq dənizdə narahat və miskin bir həyat naminə gedən mübarizə uzun çəkdi. Ətrafımda dəniz bomboş idi, yalnız arabir tək-tük lemminqlər gözə dəyirdi, qalanları suda boğulmuşdu. Düz qarşımda günəş üfüqə sarı əyilmişdi. Dalğa məni bir az da yuxarı qaldıranda sarı səmanın fonunda qaralan adaları gördüm. Və get-gedə adalar daha geniş və uca görünsə də, mənə elə gəlirdi heç vaxt oraya çata bilməyəcəyəm. Məni bir ölüm yorğunluğu çulğalamışdı, artıq neçə dəfə idi ki, bir neçə saniyəliyə başımı aşağı salıb mürgüləyir və boğulhaboğulda ayılıb pəncələrimi sürətlə işə salırdım. Düz qabağımda böyük, hündür adanı görəndə mən yarıyuxulu vəziyyətdə idim. Ətrafı bürümüş qaranlıqda o, bütün əzəmətiylə qarşımda ucalırdı. Torpağın iyi arabir burnuma dəyir və məni son gücümü toplayıb üzməyə vadar edirdi. Torpaq lap yaxında idi və artıq mən ayağımın altında qumu hiss eləyirdim. Budur, mən öz bədənimin ağırlığını zorla güc gələrək sürünə-sürünə gedirəm. Ətrafı bürümüş alatoranda sahildə qaralan nöqtələr sezirəm və onları o saat iyindən tanıyıram: lemminqlərdir. Dənizi üzüb keçmiş onlarca lemminq orada sahildə uzanıb qalıb. Onların birinə yaxınlaşıb iyləyirəmsə: hələ sağdır. Lemminq yatıb. Mənim özümü də yuxu basır... Lakin yata bilmirəm. Dəhşətli səs-küyə oyanıram. Quşlar çığırışır. Günəş doğmayıb, ancaq dənizin o tayı gül rəngindədir. Qulaqbatırıcı çığırtılar qayalardan, lap bizim başımızın üstündən gəlir. Bütün bədənim tir-tir əsir, yanımdakı lemminqin də necə titrədiyini duyuram. Tükümüz bədənimizə yapışıb, soyuqdan tir-tir əsirik. İndicə günəş üfüqdən boylanacaq, ancaq bizə hücum etməyə hazırlaşan yırtıcı quşların səsi kəsilmək bilmir. Sağ qalmış bir ovuc lemminqdə şüur qığılcımı közərirdimi? Və bu qığılcım çoxmu qalacaqdı? Soyuqdan ölmək, qanadlı vəhşilərin dimdiyində məhv olmaq, yoxsa yenidən yola davam etmək - bunlardan hansını seçəcəkdilər? Qədimlərdə, çox-çox qədimlərdə lemminqləri görmüş, yaxud onlar haqqında hekayətləri dinləmiş insanlar demişdilər: "Onlar qəsdən dənizə atılırlar ki, boğulsunlar. Bu, özünü öldürməyə gedən yoldur". Bir də bunu demişlər: "Lemminqlərin köçü dənizdə bitir, çünki bura onların qədim, çox-çox qədim məskəni olub, sonralar bu yerlər suyun təkində gizlənsə də, naməlum qüvvə lemminqləri öz qədim Vətəninə çəkib gətirir". İndi bu cür yozmaları daha eşitməzsən. * * * Ümid edirəm ki, balaca aktyorumun köməyi ilə bizim günlərin bir həqiqətini aça bildim: lemminqlər daxili sekresiya vəzilərinin kəskin dəyişməsi ilə əlaqədar gərgin, həyəcanlı vəziyyətə uzun müddət dözə bilmir, baş alıb uzaqlara gedirlər. Uzaqlara çağırış, səyahət edən o biri canlılara nisbətən onlara daha güclü şəkildə təsir edir. Amansız qüvvə onları uzaq dənizə qovur, onlar təzələnmək, rahatlan­maq, dinclik tapmaq ümidilə əbəs bir ümidlə özlərini dənizin qucağına atırlar. Mən lemminqlərin qərbə doğru yol tutduqlarını danışdım. Bu yolu tutan lem­minqlərin heç biri hər cür maneə və təhlükəyə baxmayaraq, yollarından yayın­mır­lar. Başqa yerlərin lemminqləri özgə istiqamətə də gedirlər, ancaq hansı yolu seçir­lər­sə seçsinlər, həmin yol mütləq dənizə gəlib çıxmalı və orada da səyahət bitməli­dir. Yolun sonunda lemminqlərin hamısı ölür, ya bir qismi? Ola bilsin ki, hamısı ölür. Skandinaviya təbiətşünası Xeçsterm bir dəfə müşahidə edib ki, bəzi lemminq­lər üzüb geri qayıdır. Ancaq bu fakt mübahisəlidir. Çox ehtimal bizim hekayəçimiz kimi xilas olub adaya, qayalığa çıxan lemminqlər orada məhv olub gedirlər. Növün qorunub saxlanmasını səyahətə çıxmayan, yuvada qalan bir neçə lemminq ailəsi təmin edir. Həmin o çağırışın onlara dəxli yoxdurmu? Bu, növün yaşamaq instinkti ilə bağlıdır, güman ki, başqa səbəblər də var. Necə olur ki, bəzi lemminqləri narahtlıq bürümür? Bunun səbəbini bilmək lazımdır, biz isə bilmirik. Alimlər çılğınlıq enerjisinin səbəbləri, ayrı-ayrı illərdə lemminqlərlə birgə onların düşmənlərinin və digər heyvanların sürətlə çoxalması ilə əlaqədar suallara cavab axtarırlar. Doktor P.Loran bu problemi "vulkanların püskürməsi", yerin orta temperaturunun dəyişkənliyi, günəş ləkələri kimi böyük dövri hadisələrlə və hətta kosmik səbəblərlə bağlı şəkildə izah etməyə çalışır. Əgər bu belədirsə onda bəs nə üçün o qüvvələr planetmizin bir yerinin təbii düzülüşünü pozur, digər yerlərə isə təsir etmir? Nə üçün o qüvvələr başqa heyvanlara və insanın özünə təsir etmir? Mən sosioloq olsaydım, "lemminq ili"ndə baş verən hadisələri daha dərindən öyrənər və bəlkə də sübut etmiş olardım ki, bu illərdə hökmdarlar və dövlət xadimləri öz saraylarında daha çox özbaşınalığa yol verir, işbazlar öz idarələrində daha çox alverə qurşanır, yazıçılarsa daha çox və çılğınlıqla yazıb pozurlar. Bəlkə də, heç nəyi sübut edə bilməzdim. Lakin bu sayaq axtarışları mən mənasız və boş bir iş hesab etmirəm. Biz artıq gördük ki, səma cisimlərinin cazibəsi nəticəsində okeanın qabarma və çəkilməsi təkcə dənizdə yaşayan canılalara deyil, insanın özünə də təsir göstərir. İnsanlar düşündüklərindən də artıq dərəcədə kosmosdan asılıdırlar. Bizdə belə təsəvvür yaranıb ki, planetimizdəki heyvanların sonsuz köçündə insan yalnız kənar bir müşahidəçi kimi iştirak edir. Lakin bu, aldadıcı təsəvvürdür. Hansı bir yollasa biz özümüz də dəyişirik, hətta bir yerdə durub qalsaq belə yenə də durmadan dəyişirik.
Baxış: 1776 | Əlavə etdi: afgan73 | Teqlər: Jorj, tercüme, Leminq | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!