: Təhsil - 2 Апреля 2010 - Персональный сайт
Şənbə, 18/05/2024, 23:29
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Aprel » 2 » Təhsil
22:21
Təhsil
Misir Mərdanov"Meydanda tək qalmışam"

Təhsil naziri Misir Mərdanov: «Heç kəs təhsilə qara yaxanlara cavab vermir»
Bu gün Təhsil Nazirliyində "Əcnəbi vətəndaşların Azərbaycan Respublikasında təhsili (real vəziyyət, problemlər, perspektivlər)” mövzusunda kollegiya iclası keçirilib. Kollegiya iclasında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, iclasın əsas müzakirə mövzusu əcnəbi tələbələrin təlim-tədris prosesinin təkmilləşdirilməsi, ali məktəblərdə təhsil alan əcnəbilərin cəmiyyətə inteqrasiyası, əcnəbi tələbələr üçün ali məktəblərdə fəaliyyət göstərən hazırlıq fakültələri, mərkəzləri və şöbələrinin maddi-texniki bazalarının təkmilləşdirilməsindən ibarətdir.
M.Mərdanov deyib ki, əcnəbi vətəndaşlar Azərbaycan ali məktəblərində bakalavr, magistratura, aspirantura pillələrində dövlət hesabına və ya ödənişli əsaslarla təhsil alırlar: "Hazırda Azərbaycanın ali təhsil müəssisələrində 50-dək ölkədən 7 minə yaxın əcnəbi tələbə təhsil alır. 2005-2006-cı il tədris ilində Azərbaycanın ali məktəblərində 45-dək ölkədən 4500-ə, 2006-2007-ci tədris ilində 48 ölkədən 5500-ə, 2007-2008-ci tədris ilində isə 6500-ə yaxın tələbə təhsil alıb. Bu rəqəm ilbəil artmaqdadır. Əgər bizim ali məktəblərin yataqxanaları məcburi köçkünlər tərəfindən tutulmasaydı, Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı daha çox ola bilərdi. Azərbaycan Prezidenti xüsusi sərəncamla ali məktəblərin yataqxanalarında məskunlaşmış məcburi köçkünlərin köçürülməsi üçün sahə ayrılmasını və onlar üçün ev tikilməsini tapşırıb. Yəqin ki, ilin sonunadək bu istiqamətdə müəyyən irəliləyiş olacaq, bizim ali məktəblərin yataqxanaları boşalacaq, təmir olunacaq və bu yolla Azərbaycanda təhsil alan tələbələrin sayı artacaq”. M.Mərdanovun sözlərinə görə, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universitetində daha çox əcnəbi tələbə təhsil alır. İlk üç yeri Türkiyə, İran və Çindən olan tələbələr tutur.
Çox təəssüf ki, Azərbaycanda rəsmi vəzifə tutan adamlarda son vaxtlar cəmiyyətdə belə bir fikir formalaşdırırlar ki, guya Azərbaycanın təhsil sistemi dağılır, təhsil işçilərinin hamısı rüşvətxordur, Azərbaycan təhsili məhvə gedir.
Bu barədə təhsil naziri Misir Mərdanov ali məktəb rektorlarının iştirakı ilə keçirilən kollegiyada bildirib.
O, Azərbaycanda yüksək təhsil almış kifayət qədər qabiliyyətli şəxslərin olduğunu deyib: "Hətta böyük vəzifə tutan adamlar rəsmi elan edirlər ki, mənim bu qədər boş yerim var, heç bir nəfər də adam tapmıram ki, götürüm işləsin. Bu söhbətlər dəfələrlə mənim yanımda olub. Mən şəxsən ölkənin təhsil naziri kimi bu fikirlərin hamısını təkzib edirəm və bəyan edirəm ki, bu gün Azərbaycanda kifayət qədər qabiliyyətli gənclər var”.
Nazir Azərbaycanda qabiliyyətli gənclərin ən nüfuzlu universitetlərə daxil olmasına dair misallar da çəkib. Onun sözlərinə görə, hazırda azərbaycanlı tələbələr ən yüksək balla Amerika və Kanada universitetlərində təhsil alırlar. Hətta Alman Akademik Mübadilə Proqramı çərçivəsində təhsil alan Azərbaycan tələbələri arasında Almaniyanın ən məşhur klinikasında işə dəvət olunanlar var: "Belə gənclərin sayı minlərlədir. Kim yetişdirib bu gəncləri? Yerdən bitib? Onlar Azərbaycan müəlliminin və məktəbinin hesabına yetişib. Təəssüf ki, çoxlarının gözü bunları görmür. Təəssüf ki, heç bir ali məktəb rəhbərinin bu görməməzliklərə qarşı çıxdığını görmədim. 15 ildir biz hamımız bir yerdə gecə-gündüz çalışıb Azərbaycan təhsilini öz çiynimizdə irəliyə doğru aparmışıq və aparırıq. Əlbəttə ki, bu işləri Prezidentin dəstəyi ilə həyata keçirmişik. Amma bizim bu sahədəki fəaliyyətimizə qara yaxırlar. İmkan verməyin ki, kimsə, təhsilin səviyyəsi barədə həqiqətə uyğun olmayan fikirləri həqiqət kimi ictimaiyyətə təqdim etsin. Demək olar meydanda tək qalmışam, heç kəs təhsilə qara yaxanlara cavab vermir”.
Təhsil naziri Misir Mərdanov nazirliyin Moskva Açıq Universitetinin Bakı filialının qanunsuz fəaliyyətinə şərait yaratması ilə bağlı jurnalistlərin suallarını cavablandırıb: "Azərbaycan müstəqilliyini əldə edəndən sonra ölkədə 100-ə yaxın qeyri-qanuni fəaliyyət göstərən universitet olub. 1998-ci ildə ümummilli lider Heydər Əliyevin tapşırığından sonra qanunsuz fəaliyyət göstərən universitetlərlə mübarizə gücləndirilib. Qısa müddət ərzində bu məsələ ilə məşğul olduq və qanunsuz fəaliyyət göstərən universitetlərinin sayını minimuma endirdik”.
Nazir deyib ki, 2000-ci ilin əvvəllərində Azərbaycanda 20-dək universitet qanunsuz fəaliyyət göstərib. 2005-ci ildə isə nazirlik bütün xarici ölkə filiallarının ləğvi ilə bağlı qərar çıxarıb. "Sonradan məlum oldu ki, bizim qərarla bu filialları ləğv etmək mümkün deyil, bunun üçün gərək məhkəməyə müraciət olunsun. Təxminən bir il yarım ərzində uzun məhkəmə çəkişmələri nəticəsində biz bu filialların hamısının fəaliyyətinin dayandırılması haqqında qərar ala bildik. Yalnız Moskva Açıq Universiteti haqqında bizim ittiham Ali Məhkəmə tərəfindən rədd edildi”- deyə, Misir Mərdanov bildirib. Nazir əlavə edib ki, ittihamın rədd edilməsində əsas kimi bu filialın Azərbaycan-Rusiya hökumətlərinin birgə imzaladığı sənəd əsasında yaradıldığı və buna görə də fəaliyyətini davam etdirməli olduğu götürülüb. Onun sözlərinə görə, bu günə qədər Moskva Açıq Universitetinin Bakı filial fəaliyyətini davam etdirir: "Filial dövlət ali məktəbləri sırasına daxil deyil. Filialın işində müəyyən problemlər var. Bu barədə filialın rəhbərliyinə rəsmi olaraq məktub göndərmişik. Güman edirəm ki, yeni dərs ilinə qədər bu filialla bağlı qəti qərar veriləcək. Bu filialla bağlı şou yaratmaq tamamilə qərəzli fikirlərdir”.
Təhsil naziri Misir Mərdanov qəzetlərdə haqqında yalnış məlumatlar yazanlarla bağlı da açıqlama verdi: " Bunların araxasında müəyyən adamlar durur. Onlar məni daha çox işləməyə vadar edirlər. Onların acığına mən daha çox işləyəcəm, daha yaxşı işləyəcəm. Azərbaycan təhsilinə lazım gəlsə, hər şeyimdən keçəcəm. Bu adamalar tam arxayın olsunlar ki, onların yazısına heç kim baxmır. Görülən işlərə baxırlar. Görülən işlər isə göz qabağındadır”.
Baxış: 1365 | Əlavə etdi: afgan73 | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!