: SIYAS GUNDEM - 20 Февраля 2010 - Персональный сайт
Bazar, 19/05/2024, 03:04
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Fevral » 20 » SIYAS GUNDEM
00:22
SIYAS GUNDEM
Rauf"Məmurlar bizim
"çörək ağacı"mızdır"


Rauf Arifoğlu: "Tirajımız azalanda Kəmaləddin Heydərovla bağlı material axtarırıq"
"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu "Həftə içi"nin qəzetina musahibə verib. Müsahibədə Arifoğlu qəzetin fəaliyyətindən tutmuş partiya fəaliyyətinə qədər bir sıra məqamlara toxunub. Maraqlı olacağını nəzərə alıb təqdim edirik.

- "Yeni Müsavat" qəzeti İsa Qəmbərin təsisçisi olduğu dövrdə, yoxsa indi daha çox müstəqil fəaliyyət göstərir?

- Bu qəzetin qurucusuyam və 20 ildən artıqdır baş redaktoruyam. Bir neçə təsisçi dəyişmişik. İsa bəy qəzetə təsisçilik edən dostlarımızdandır; biz ondan çox razıyıq. Qəzetin fəaliyyətinə əsl demokrat kimi yanaşdı, heç bir işimizə müdaxilə etmədi. Çətinə düşəndə, yaxud da mən həbsxanada olanda qəzetə xeyli köməklik elədi. Ortaq layihə kimi "Yeni Müsavat"ı böyütmüşük və hər zaman da qəzet mənim nəzarətimdə olub. Mən o tip adamlardanam ki, heç bir vaxt müdirim olmayacaq. O baxımdan qəzetdən başqa ancaq prezident, ya da millət vəkili ola bilərəm. Nisbətən müstəqil və qərarları özüm qəbul edə bildiyim işlərdə çalışa bilərəm. Mənə nəyisə qəbul etdirmək, söz demək mümkün olmayan bir məsələdir. Qəzet əvvəllər olduğu kimi, bu gün də tam müstəqildir.

- Müəyyən dövrlərdə qəzetin baş redaktorluğundan getmişsiniz. Bu hallar daha çox həbs olunduğunuz və seçkilərə qatıldığınız vaxtlara təsadüf edib. Bu gün də qəzetdə Azər Ayxan baş redaktor əvəzi kimi göstərilir. Hansı səbəblərdən "Yeni Müsavat"da baş redaktor rəsmi olaraq təsdiqini tapmır?

- Burada problem yoxdur. Formal olaraq mən həbsxanada olarkən imzamı saxlaya bilərdim. İndiyə kimi "Azadlıq"da Qənimət bəyin imzası gedir və baş redaktor odur. Amma mən baş redaktor imzasına, həm də o qəzetin 1-ci səhifəsindən sonuncu səhifəsinə qədər hər sözünə məsuliyyət sahibi kimi də yanaşıram. Ümumi məsuliyyət, təbii ki, yenə də məndədir. Amma elə yazı olur ki, mənim heç xəbərim olmur. Mən ümumi işlərə rəhbərlik edirəm və bunun mexanizmini qurmuşam. Dünyanın harasında olmağımdan asılı olmayaraq o mexanizm işləyir və zorla dayandırmasalar, dayanası deyil; çünki Azərbaycan reallığğında, demirəm dünya standartlarında, elə bir mükəmməl mexanizmdir ki, heç kimdə, heç bir qəzetdə yoxdur.
  Bir səbəb də budur ki, mən istəyirəm gənclərə, onların imzalarına, məsuliyyətinə yer verəm. Azər Ayxan imzalayıbsa, başqa bir imza da var - növbətçi redaktor. O da imzalayıbsa, ən azı mənim qarşımda, baş redaktorun və təsisçinin qarşısında bütün məsuliyyət onlarındır. Eyni zamanda sonradan mənim müdaxiləm, manevrim üçün də əsas yaradır ki, istənilən məhkəmə perspektivində, hansısa bir münaqişə zəminində bu qəzeti tam şəkildə redaktə etmədiyimi söyləyə biləm.

- Azərbaycanda bu gün nəşr olunan gündəlik qəzetlərin çoxu dünyada məşhur olan qəzetlərin stilini götürməyə çalışır. Siz necə, "Yeni Müsavat"ı hansı nüfuzlu qəzetə bənzətməyə çalışmısınız?

- Dizayn baxımından Rusiya, türk məktəblərinin qarışığıdır, elə xəbərvermə konsepsiyası baxımından da. Mən 1998-ci ildə bu qəzetin dizaynını, konsepsiyasını, formatını yenidən dəyişəndə bir neçə rus və Türkiyədə "A3" formatında çıxan qəzetlərin hazır modellərindən istifadə eləmişəm.

- Dediniz ki, siz həbsdə olduğunuz dönəmlərdə İsa bəyin qəzetin təsisçisi olaraq redaksiyaya köməkliyi olub. Bu köməklik maddi baxımdan da olunubmu?

- Çox böhranlı anlarımızda maddi baxımdan da İsa bəy tərəfindən köməklik olunub. Bizim də partiyaya müəyyən köməkliyimiz olub, yəni biz də təmənnasız etmişik, İsa bəy də.

- Bu gün necə, qəzetin maliyyə problemləri varmı?

- Maliyyə problemi həmişə var. Sadəcə, minimal vəziyyətlərdə problemlər olanda qəzet öz xərclərini ödəyir. Tamamilə xərclərimizi ödəyirik, ancaq çox böyük iddialarımız və ideyalarımız vardır; məsələn, qəzetin internet radiosunu yaratmaq istəyirik. Bununla bağlı hazırlıq işləri aparırıq. Bu gün ölkənin ən çox satılan qəzetiyik. Amma imkanlar müsaid deyil. Niyə müsaid deyil, onu da deyim. Demək olar, reklam bazarında bizə yer yoxdur. Biz uzun müddətdir "qara siyahı"dayıq. Böyük şirkətlər bizə reklam vermirlər. Bir neçə yüz min manatlıq reklam versələr, planlarımızın qurulmasında və böyüməsində çox yardımçı ola bilər.

- Qəzetinizdə rubrikalara daha çox yer verirsiniz və burada əsasən müxalifət nümayəndələri olurlar. İqtidar nümayəndələrini bilərəkdən dəvət etmirsiniz, yoxsa siz çağırırsınız, onlar özləri gəlmirlər?

- Bu, "Yeni Müsavat"ın konsepsiyasından irəli gəlir. Qəzet narazı elektorata xitab eləyir. Azərbaycanda razıların kifayət qədər tribunaları var, qəzetləri çoxdur. Ölkədəki olaylarda daha çox pozitivlik göstərən həddən artıq KİV, agentlik, televiziyalar var. Amma narazıların tribunası həddən artıq azdır. Alternativ informasiya mənbəyi yoxdur. Onu əvəz edən bir neçə qəzet var. Bunlardan biri də "Yeni Müsavat"dır. O baxımdan həm bazara, həm öz düşüncəmizə, içimizdəki başlanğıca uyğun olaraq bu xətti seçmişik. Biz Azərbaycanda narazıların səsini ifadə edirik.

- Maraqlıdır, hərdən vaxtilə tənqid etdiyiniz şəxslərə indi qəzetinizdə yer verirsiniz...

- (Sualımıza sualla cavab verir) Misal üçün, siz kimi deyirsiniz?

- Bir vaxtlar hakimiyyətdə təmsil olunanlar - Əli İnsanov, Fərhad Əliyev, Siruz Təbrizli və digərlərini...

- Doğrudur, Siruz Təbrizli, Əli İnsanov, Fərhad Əliyev, Eldar Namazov, Vəfa Quluzadə vaxtilə hakimiyyət düşərgəsində olarkən onları tənqid eləmişik, onlar da bizi tənqid ediblər. Sonra onlar müstəqilləşəndən, yaxud da hakimiyyətə müxalifət mövqeyini seçəndən, "vurulduqdan" sonra bizim onlara qapılarımız yox, səhifələrimiz açıq olub. Siruz Təbrizlinin timsalında qapımız da açıq olub. Yəni bu onların seçimidir. Onlar bizə tərəf addım atıblar. Qaldı o nazirlərə, onlar da bu ölkədə hüququ pozulan insanlardandır. Biz demişik ki, "Yeni Müsavat" çətinə, dara düşənin dostudur. Bunu dəfələrlə sübut da eləmişik. Əli İnsanov kimi insanın timsalında, hansı ki parlamentdə deyirdi ki, Rauf Arifoğlunun başını kəsib futbol topu kimi vurmaq, atmaq lazımdır. Düzdür, o, sonradan məhkəmədə məndən və İsa Qəmbərdən üzr istədi, amma hətta bunu etməsəydi belə, biz onun məhkəməsinə yaxşı xəbər kimi yanaşaraq reportaj hazırlamağa borcluyduq. O insanlar ki hakimiyyət düşərgəsindən qoparaq narazı elektorata qoşulurlar və bizim kimi onlara xitab edirlər, avtomatik olaraq bizim xəbər qaynağımıza və müttəfiqimizə çevrilirlər.

- Milli Məclisin son iclasında "KİV haqqında" qanunun 60-cı maddəsinə yeni bir əlavə olundu. Bu əlavəni necə qiymətləndirirsiniz?

- Azərbaycanda ən zəif inkişaf edən sahələrdən biri araşdırma jurnalistikası idi. Amma yavaş-yavaş irəliləyirdi. Millətin içindən məmurlara baxırdı. Bəzən şəkil çəkirdi, səs yazırdı, lentə alırdı. Bu fəaliyyət növü istənilən ölkədə məmurlar üçün ciddi problemdir. Sonradan icazə olmadan görüntü almamaq haqda müddəanı konstitusiyaya əlavə etdilər. Bütün bunların hamısının yeganə məqsədi yuxarıda qeyd etdiyim fəaliyyət növü üzərində köklənən araşdırma jurnalistikasının qarşısına məhkəmə yolu ilə böyük bir sədd çəkmək idi. Bu dəqiqə o dəyişiklik bizə problem yaratmayacaq. Amma bu bizim gələcəyimizə böyük problemdir, maneədir. Bu gün həmin qanunla istənilən vəziyyətdə, istənilən reportaja görə istənilən qəzeti cəzalandırmaq mümkündür. Buna çoxdan çalışılırdı. Yadımdadır, 2001 - 2002-ci illərdə də "KİV haqqında" qanunu məhdudlaşdırmaq təşəbbüsləri olmuşdu. O vaxt biz güclü idik və buna imkan vermədik. Amma indi gücümüz çatmadı, zəifləmişik. Bütün demokratik təsisatlar kimi, qəzetlər də zəifləyib və ona görə də heç nə edə bilmədik.

- Sizcə, ümid nəyədir?

- Prezidentə məktub yazıb imzalamışıq ki, ölkə başçısı bu dəyişikliyi imzalamasın. İmza atmasa, bu, yenə də bizim xeyrimizədir. Bu o deməkdir ki, biz o dərəcədə sayılırıq ki, hətta prezident də sözümüzü eşidir. Yox, prezident imza atsa, Azərbaycan jurnalistikası üçün yaxın gələcəkdə ciddi problemlər olacaq.

- "Diffamasiya haqqında" qanunun qəbulu da gündəmdədir. Sizcə, "KİV haqqında" qanuna edilən dəyişikliklə bunların arasında bir bağlılıq varmı?

- Başa düşürəm. "Diffamasiya haqqında" qanunun "KİV haqqında" qanunla de-kriminallaşması, bu nə vaxtsa olacaq. Bu, hiss olunur. Tamamilə mümkündür ki, oradan 147 - 148-ci maddələr götürülsə, bu baryer qalsın.

- "Yeni Müsavat"ın 1-ci səhifəsində, demək olar, ardıcıl olaraq eyni məmurlar tənqid atəşinə tutulur. Burada informasiyaların dəqiqliyi nə dərcədədir?

- Məmurlar bizim "çörək ağacımız"dır. Bunu açıq deyirəm. Elə məmur var ki, haqqında nə yazsan, heç kim oxumur; misal üçün, ekologiya naziri haqqında az oxuyurlar. Amma satış tirajımız azalanda Kəmaləddin Heydərovla bağlı materal axtarırıq. Oxucuda bu şəxsə o qədər maraq var ki, onunla bağlı hansısa material yazılanda satış tirajımız artır. Ziya Məmmədov, Ramiz Mehdiyev haqqında məlumatlar olduqda da qəzetimiz çox satılır.

- Yəni burada söhbət informasiyanın dəqiqliyindən getmir?

- Yalan informasiya ola bilməz. Əsasında bir şey olmasa, ondan bir şey düzəltmək olmaz. Bir dəfə - iki dəfə, sonra alınmaz. Bir məsələni biləsiniz ki, biz çox zaman mənbələri açıqlamırıq deyə, o demək deyil ki bizim mənbəmiz yoxdur. Mənbələrimiz var, amma açsaq, onu məhv edərlər.

- Yəni belə çıxmırmı ki, hakimiyətdə sizə "işləyən" adamlar var?

- Onlar bizə yox, özlərinə işləyirlər. Sadəcə, bizə material ötürürlər. Biz də bundan faydalanırıq.

- Hansısa məmurla bağlı elə bir məlumat olubmu ki, onun yayılmasını istəməmisiniz?

- Yox, heç bir məhdudiyyət yoxdur. Sadəcə, hansı daha çox təhlükəlidir seçimi ola bilər; misal üçün, Cəlal Əliyevlə bağlı yazıları az və ehtiyatla veririk. Niyə? Çünki qəzetlərlə çox məhkəmə çəkişməsi olub. Ramil Usubova gəldikdə isə bu şəxs mətbuata çox həssasdır. Həbsdə olan jurnalistlərin xeyli hissəsi onun iddiaları əsasında həbs olunub.

- Adlarını çəkdiyiniz şəxslərlə bağlı materiallar verməyəndə belə bir fikir yaranmır ki, "Yeni Müsavat" onlara "işləyir"?

- Belə məlumatlar yayılsa da, bizim ziyanımıza deyil, əksinə, gücümüzü artırır. Hansısa bir qəzeti dövlətin hansısa bir instansiyası ilə, lap Kəmaləddin Heydərovla, Ramiz Mehdiyevlə, Ramil Usubovla bağlamaq oxucunun gözündə o qəzetin informasiyalılığını və etibarlılığını artırır, azaltmır. Üzdə elə gəlir ki, bu, Rauf Arifoğlunun ziyanınadır; əksinə, ziyanına deyil, istənilən halda xeyrinədir.

- Azər Ayxanın məlum məhkəmə prosesi ilə bağlı belə bir fikir formalaşdı ki, Rauf Arifoğlunun "dayı"sı güclü olduğundan prosesi uda bildi...

- Mən belə fikirlərin olacağını proqnozlaşdırmışdım. Qəzetdə planlaşmada da dedim ki, Cəlal Əliyev məhkəməni udsa, bizi məhkəməyə vermək üçün növbə gözləyənlərin sayı artacaq. Cəlal Əliyevlə biz bir neçə məhkəmə çəkişməsi yaşamışıq. Onun vəkilləri heç bir zaman iddia ərizələrini düzgün tərtib etməyiblər. Qəbul etsəydilər, bir ildən sonra bu işə görə Avropa Məhkəməsinin əli ilə 15 - 20 min avro udacaqdıq. Bu dəfə şansımız gətirdi. Orada da bir nüans vardı. Baş redaktor kimi məni yox, Azər Ayxanı qabağa vermişdilər ki, bəlkə, məni tutmaq istəmədilər. Mən də, qardaşım da tutulsaydı, əlbəttə, rəsmi Bakı beynəlxalq təşkilatların hədəfinə çevriləcəkdi. Bizdən əvvəl də "Azadlıq" qəzetini məhkəməyə vermişdilər. Onun iddasını da qəbul etmədilər.
Yəni hakimiyyətin razılığı olmadan hansısa bir şəxsin qəzetləri məhkəməyə verdirib, kimlərisə tutdurması qeyri-mümkündür; "Təzadlar" qəzetinin baş redaktoru Akif Mərzili nümunəsində biz bunu gördük: bu məsələyə prezident səviyyəsində reaksiya gəldi və o, azadlığa çıxdı.

- Belə çıxır ki, bu gün qeyd olunan məhkəmə çəkişməsindən əlavə, başqa məhkəmə çəkişməniz yoxdur?

- Var; misal üçün, biz dövlət orqanlarını, nazirlikləri məhkəməyə vermişik. Bizi də məhkəməyə verməyə hazırlaşanlar var.

- Qəzetin göndərdiyi suallara cavab vermədiklərinə görə?

- Bəli. Bizi məhkəməyə verənlər olduğu kimi, bilirəm ki, məhkəməyə verməyə hazırlaşanlar da var. Tağı Əhmədov bizi məhkəməyə verməyə hazırlaşır. Qəzetiniz vasitəsilə onun nəzərinə çatdırım ki, "dayı"mız çox güclüdür: bizimlə işi olmasın (gülür). Bizim istəyimiz nədir: tirajımızın, insanların bizə olan etibarınının artması. Bir məsələni də deyim: bir məmur haqqında qəzetdə davamlı yazılar yazdıq; o şəxs öz adamlarını üstümüzə saldı ki, öyrənsin görsün, bu, prezidentin tapşırığı ilə verilən yazılardırmı? Təsəvvür edirsinizmi, bizə olan münasibət bu adamın gözündə hansı səviyyədə böyükdür.

- Müxalifət qəzetləri arasında satışına, oxunaqlılığına görə lidersiniz. Sizcə, bu cür yazılar yazılanda belə bir fikir formalaşmırmı ki, "artıq bunlar da satıldılar"?

- O məni narahat eləmir; çünki "satılmaq" xəyanət deməkdir. Ramil Usubovla, Ramiz Mehdiyevlə, Kəmaləddin Heydərovla münasibətləri qurmaq vətənə xəyanət deyil. Vətənə xəyanət hansısa səfirliklə işi qurmaqdır, hansısa səfirliyə, hansısa xarici fonda işləməkdir, gizli görüşməkdir. Öz dövlətinin mənsubları ilə münasibət qurmaq isə istənilən qəzet üçün vacib və normaldır. Hələ biz bunu edə bilmirik, bacarmırıq. İstənilən bir biznes strukturunun yerli hakimiyyətlə münasibət qurması təhlükəsizliyimiz üçün təminatdır; misal üçün, Türkiyənin "Doğan" holdinqi öz hakimiyyəti ilə münaqişəyə getdi və nəticədə onu çökdürdülər. Yoxlamada 2 milyard dollar vergi borcu aşkar edildi. Hansı ki əvvələr holdinqə güzəşt olunurdu. Bu, ABŞ-da da belədir.

- Belə çıxır ki, tam müstəqil olmaq mümkün deyil?

- Niyə mümkün deyil: bizim nümunəmizdə mümkündür. Amma belə müstəqilliyin də gələcəyi yoxdur. Bu, artıq başqa cür müstəqillikdir. Hakimiyyətlə ziddiyyətdə olub pul qazanmaq çox çətindir, risklidir. Bizim qəzeti götürüb təhlil edib, onun bircə nömrəsində o "satılmaq" dediyiniz göstəriciyə cavab verən bir fakt varsa, əlimin arxasını yerə qoymağa hazıram. Qoy desinlər, daha çox danışsınlar. Gah dedilər Rauf Arifoğlu Ramiz Zeynalova işləyir, sonra dedilər ki, Ramiz Mehdiyevə, adam qalmayıb deməsinlər. İndi də bizi Rövnəq Abdullayevlə bağlayırlar. Hər nömrədə onu tənqid eləyirik. Qəzetdə yazırlar ki, sən demə, "Yeni Müsavat"ın ofisinin pulunu o verirmiş. Ondan əvvəl isə dedilər ki, ofisin pulunu Vilayət Eyvazov verirdi. Yəni bu ehtimallar irəli sürüləcək. Hələ bir dəfə rast gəlməzsiniz ki, "Yeni Müsavat" qəzetinin ermənilərə, Ermənistanın xüsusi xidmət orqanlarına, yaxud ABŞ-a, İrana işlədiyini yazsınlar. Belə şeylər ola bilməz və olsa da, onu yazanın cavabını verərəm. Lazım gəlsə, başqa hərəkətlər də edərik; lakin Azərbaycan hakimiyyətinin hansısa dairəsi ilə "Yeni Müsavat"ın adının hallandırılmasını mən vətənə xəyanət hesab etmədiyim üçün bu cür yazılarla bağlı intensiv təkziblər verməyi lazım bilmirəm.

- Qəzet redaktoru olmaqla yanaşı, eyni zamanda aktiv siyasətdə də varsınız. Qarşıdan parlament seçkiləri gəlir, hansısa ilkin hazırlıqlarınız varmı?

- Xəritəyə baxıram.

- Namizədliyinizi vermək üçün?

- Bəli.

- Hansı dairəni gözaltı etmisiniz?

- Qərarım Bakıdır. 33 saylı Xətai seçki dairəsi var. Mən keçən seçkilərdə də ilk dəfə partiyadan namizədliyimi oradan vermişdim. Sonradan partiyadan xahiş elədilər, o yeri Qabil Hüseynliyə verdim və 28 saylı Sabunçu ikinci seçki dairəsindən namizədliyimi verdim. Bu dəfə namizədliyimi ya 33 saylı həmin o Xətai seçki dairəsindən, ya da 25 saylı Nizami seçki dairəsindən verəcəyəm. Oranı da seçməyimin yeganə səbəbi redaksiyamın həmin ərazidə yerləşməsidir. Ərazi mənim üçün rahatdır. Amma deyilənə görə, ötən parlament seçkilərində bu dairədən deputat seçilən Hüseyn Abdullayev orada elə yaxşı işləyib ki, namizədliyini verən adam gərək pul xərcləyə. Seçicilərin gözündə onun yerini tutmaq üçün danışmaq yox, həm də pul xərcləmək lazımdır. Görək, iki dairəni gözaltı etmişəm. Üçüncüsü də ola bilər; amma qəti qərar verməmişəm.

- Bu il seçki ili olmaqla yanaşı, həm də Müsavatın qurultayının keçiriləcəyi il olacaq. Partiyanın üzvü olaraq bu günlərdə sədrliyə adları hallananlarla bağlı nə düşünürsünüz: adları hallananlardan kim sədr ola bilər?

- Birincisi, mən çox çalışdım öz imkanlarım daxilində Müsavat Partiyasının qurultayı, başqan seçkisi bu il gündəmə gəlməsin. Heç ümumiyyətlə yada düşməsin. Təəssüflər olsun, bu belə olmadı. 2010-cu ildə seçkilərin keçiriləcəyi haqda artıq Məclis qərar verib. Fikrimcə, bu, düzgün olmadığı kimi, müdrik qərar da deyil. Bütün bunların hamısı gündəmə seçkilərdən sonra gəlməli idi. Çünki seçkilər elə böyük teatrdır ki, orada baş rolu oynamaq, eyni zamanda rejissorluq etmək ağır və çətin işdir. Bunların hamısı Müsavat Partiyasının üzərinə düşür. Çünki Azərbaycan siyasətində müxalifət standartlarına cavab verəcək ikinci bir partiya qalmayıb. Başqa heç bir partiyanın strukturları, qərargahları qalmayıb, imkanları minimumdur. Mən bunların hamısını bilirəm. Ölkə boyunca hər yerdən məlumat almaq imkanlarım var; çünki mən də Müsavatın köhnə funksioneriyəm və partiyanın qurucularından biri olmuşam. Bu baxımdan Müsavat Partiyası üçün kifayət qədər iş var idi. Bir də başına bu işi açmamalı idi; amma olan oldu, təəssüf edirəm. İsa Qəmbərdən sonra, heç şübhəsiz, Müsavat Partiyası problemlər yaşayacaq. Artıq təlatümlər başlayıb. Əgər keçirilən sorğu ilə bağlı hamı öz dost-tanışına deyirsə ki mənə səs ver, o deməkdir ki, o birinə səs vermə. Yarış mühiti başlayıb və rəqabət ortaya çıxıb. Bir yerdə hakimiyyətlə savaşmalı olan insanlar indi bir-birinə qarşı savaşır, bir-birini zəiflətməyə məcburdurlar. Cəbhə, tərəfdar yaratmağa, enerjilərinin bir hissəsini yaratdıqları gizli qurumları, cəbhələri gücləndirməyə yönəltməyə məcburdurlar. Belə proseslər gedir; amma mən başqanlıq yarışında iştirak eləməyəcəm; çünki bu mərhələdə İsa Qəmbərin bu cür gedişindən sonra Müsavat başqanı olmaq tarix qarşısında böyük məsuliyyət götürmək deməkdir. Mən özümü həmin məsuliyyətə və həmin gücün altına girməyə hazır hesab edirəm; amma istəmirəm; çünki mənim məsuliyyətimdə tarixi bir sahə var, o da mediadır. Mən sərbəst, mediadan kənar olsaydım, mütləq namizədliyimi verərdim və indiki şərtlər altında İsa Qəmbərdən sonra Müsavatı məndən artıq qoruya biləcək, imkanı çata biləcək ikinci bir adam yoxdur. Bunu mən bilirəm. Bunu da məsuliyyətimlə deyirəm. Məhz "Yeni Müsavat" qəzetindəki və media sahəsindəki məsuliyyətimə görə bunu eləyə bilmirəm. Etməyəcəm də. Kimə dəstək verərəm? O adıçəkilən insanların hər hansının adını çəkib fərqləndirmək istəməzdim. Hamısının haqqı var. Müsavat Partiyasının rəhbərliyində olan və olmayanların hamısının haqqı var ki, başqan olsunlar. Amma ümid edirəm ki, hamısı birdən başlamayacaqlar və aralarında dil tapıb, namizəd müəyyənləşdirib, konsensusla məsələni həll etmək yolunu seçəcəklər.

- Başqan seçkisinin dekabra salınmasını noyabrda keçiriləcək parlament seçkilərində İsa Qəmbərin partiyanı iqtidara daşıması üçün son şans kimi dəyərləndirmək olarmı?

- Son şans deməzdim. İsa bəy 50-ni təzə keçib. Siyasətdə bu, gənc yaş sayılır. Həm də ki İsa Qəmbər, sizə açıq və səmimi deyirəm, bir neçə seçkidə partiyanın tapşırığını yerinə yetirmiş adamdır. O, məğlub olaraq səhnəni tərk etmir. İsa Qəmbərin siyasət yaşı bundan sonra başlayır. Ümid edirəm ki, qısa bir fasilədən sonra o qayıdacaq.

- Müsavat Məclisinin sədri kimi?

- Yox. Məndəki məlumata görə, İsa bəy heç bir funksioner postu tutmayacaq. Partiyada Məclis üzvü kimi qalacaq və başqa nə iş görəcək, onu bəri başdan deyə bilmərəm. Amma hər halda, ümid edirəm ki, partiya bir üzvü kimi onun qorunmasında, saxlanılmasında fəaliyyət göstərəcək. Mən ümid edirəm ki, qayıtması qısa zamanda olacaq. O özü görəcək ki, gedəndən sonra partiya nə günə düşüb, qayıtmağa məcbur olacaq.

- Belə çıxır ki, hardasa partiyada siyasi qərarların verilməsində təsir imkanlarına malik olacaq?

- Siyasi qərarlarda heç Müsavat başqanı olmadan da İsa Qəmbərin çəkisi elədir ki, təsir edə bilər. Amma hər halda, o, Müsavatın sıradan çıxmasına sakitcə baxa bilməz. Mən inanıram ki, nəsə düşünüb və başında müəyyən bir planı var. Ümid edirəm və çox arzulayıram ki, qurulmasında mənim də iştirak etdiyim və ilk 5 nəfərdən biri olduğum partiya dağılmayacaq. Çünki mən 22 ilimi partiyanın quruculuğuna vermişəm.
Baxış: 1762 | Əlavə etdi: afgan73 | Reytinq: 1.0/1
Bütün şərhlər: 0
Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 2
Qonaqlar: 2
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!