: Edebi mühit - 18 Марта 2010 - Персональный сайт
Bazar, 19/05/2024, 01:30
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Mart » 18 » Edebi mühit
05:39
Edebi mühit
Elxan ZALAzərbaycan ədəbiyyatı qısırlaşıbmı?
Son dövrlərdə cəmiyyətimizdə belə bir fikir formalaşdırılır ki, müstəqillik dönəmində Azərbaycanda ciddi ədəbiyyat yaranmayıb. Bilmirəm bu fikir haradan və nədən qaynaqlanır, amma fakt budur ki, bu gün müxtəlif təbəqələr zaman-zaman belə bir fikir söyləyirlər. Əsasən də yaşlı nəsildən olan ədiblərimiz. Son iyirmi ildə ədəbiyyat səhnəsinə çıxan və müstəqil Azərbaycan ədəbiyyatının təməlini qoyan bütün ədiblərə yazdıqlarından və yaşlarından asılı olmayaraq "gənc”, hələ püxtələşməmiş yarlıkı yapışdırılır.
Əlbəttə, bu adamlar Azərbaycan Respublikası qədər gəncdir. Azərbaycan, dünyanın yarısına nəzarət edən, böyük ideoloji maşına malik olan və ədəbiyyata xüsusi önəm verən Sovet imperiyası deyil. Amma Azərbaycan dünya səhnəsində özünə möhkəm yer tutan və sürətlə inkişafa doğru gedən bir ölkədir. Burada bütün sahələr sürətlə dəyişdiyi kimi, ədəbi zövqlər, ədəbi əsərlərin forması və məzmunu da dəyişir. Ola bilməz ki, insanlar bütün texniki nailiyyətlərdən istifadə etdiyi, ən son dəbdə geyindiyi, hər gün ən çağdaş musigiyə qulaq assdığı halda, ədəbiyyatçılardan mühafizəkarlıq, köhnəlik tələb etsin. Vallah, belə olmur.
Nasir xofu
Ədəbiyyatımız 80-90-cı illərdə müəyyən durğunluq dövrü keçirsə də, indi öz yüksəlişini yaşayır. Son illərdə, xüsusən poeziyada bir canlanma yaranıb. Bu da təbiidir. Ədəbiyyatı insanlar yaradır və müəyyən dövrdə ölkədə elə proseslər baş verdi ki, qələm adamları xeyli müddət bu hadisələrin təəssüratları ilə yaşadılar. Yəni bir növ depressiyaya düşdülər. Belə şeylər bütün xalqların taleyində olub. Vəziyyət normallaşdıqca, təəssüratlar da yazılara çevrilməyə başladı.
Böyük əsərlər böyük hadisələr fonunda yaranır. Biz böyük hadisələrin iştirakçısı olmuşuq. İmperiyanın dağılması, müharibə, dövlət quruculuğu. Bunların hamısı ədəbiyyatda öz sözünü deyir və deyəcək. Bu gün nəsrin axsaması istedadlı qələm sahiblərinin daha çox çörəkpulu dalınca qaçması ilə bağlıdır. Əlbəttə, ayrı səbəblər də var. Kiçik bir ölkədə bütün qələm götürənlərdən dahilik tələb etmək ən azından absurddur. Vaqif Səmədoğlu demiş: ”İstedad nöyüt deyil ki, onu dənizin dibindən çıxarasan”. İstedadı verən Allahdı. Bir də mühit.
Bizdə bütün sahələrdə istedad yetərincədir. Bunu məktəbli olimpiadalarında, şahmat turnirlərində gənc nəslin göstərdiyi nəticələrdən görmək olar. Qarşılaşdıqları mühit onların sonrakı inkişafına mane olur. Bu ədəbiyyatda da belədir. Postsovet nasirlərinin güclü dominantlığı, onların xarizması və xofu yeni nasirlərin inkişafına ciddi əngəllər törədir. Onların təqdir etdikləri yazarlar bu günkü reallıqlara cavab vermir, bu günkü reallıqlara cavab verənləri isə onlar təqdir etmir. Və onlar da bəyan edirlər ki, xanım ədəbiyyat artıq qısırlaşıb.
Azərbaycan poeziyasının qızıl dövrü
Amma poeziyada vəziyyət bir az fərqlidir. Postsovet şairlərimizin xofu nasirlər qədər güclü deyil. Bizim şeir ənənələrimiz də nəsrdən qat-qat qədimdir. Yeni dövr, yeni situasiya əvvələr Azərbaycan poeziyasında analoqu olmayan yeni əsərlərin yaranmasına gətirib çıxardı. Ümumən, mən hesab edirəm ki, bu gün poeziya Azərbaycanda bir intibah dövrünə qədəm qoymaqdadır.
Mən yazılarımın birində bu dövrü poeziyamızın "gümüş dövrü” adlandırmışam. Həmin yazıdan bəzi sitatlar gətirmək istəyirəm:
"XX əsrin əvvəllərini Azərbaycan ədəbiyyatının «qızıl dövrü» adlandırmaq olar. Bu günkü ədəbiyyatımız məhz həmin dövrdə yazıb-yaradan qələm sahiblərinin qoyduğu təmələr üzərində dayanır. Məhəmməd Hadi, Hüseyn Cavid, Mirzə Cəlil, Sabir, Abbas Səhhət, Cəfər Cabbarlı, M.S.Ordubadi, Səməd Vurğun, Mükayıl Müşfiq, Rəsul Rza, M.Şəhririyar… Deyərdim ki, bu dövr mədəniyyətimizin ən böyük renessans dövrüdür. Üzeyir Hacıbəyov və Qara Qarayev kimi nəhəng bəstəkarlarımız da bu illərdə fəaliyyət göstəriblər. İkinci sıçrayış dövrü ötən əsrin 60-cı illərində, «Xruşşov yumşalması» zamanı baş verdi. Bu illərdə Bəxtiyar Vahabzadə, İsa Hüseynov, Anar, Elçin, Yusif Səmədoğlu, kimi sənətkarlarımız ədəbiyyata yeni nəfəs, yeni ifadə tərzi gətirdilər. Daha sonra Əli Kərim, Məmməd Araz, Məmməd İsmayıl, Nüsrət Kəsəmənli, Çingiz Əlioğlu, Zəlimxan Yaqub kimi ədəbiyyat tariximizdə öz imzasını qoymuş şairlərimiz yetişdi. Əlbəttə siyahını xeyli uzatmaq da olar. Mən bu yazıda müstəqillik dövründə formalaşan poeziya barədə düşüncələrimi yazmaq istəyirəm və aydın məsələdir ki, müstəqillik dövründə yaranan ədəbiyyat özündən əvvəlkilərin üzərində dayanır. Amma bununla bərabər hesab edirəm ki, müstəqillik dövründə yaranan ədəbiyyat mahiyyətcə yeni bir ədəbiyyatdır və onu yaradanların dünya duyumunda əvvəlkilərdən müəyyən estetik fərqləri var. Bu fərq tamam ayrı bir zamanda formalaşan bir insanın düşüncə və duyğularıdır. Özü də bu düşüncə və duyğular uzun müddət qəbul edilməyib, bəzən indi də qəbul edilmir. Çünki, eyni bir zaman kəsiyində yazıb yaradan adamların arasında həm də zaman fərqi var. Bu zaman fərqinin aradan qalxması üçün də yəqin ki, müəyyən bir vaxt lazımdır, heç kim hökumət qərarı ilə uzun illər ərzində formalaşan dünya görümünü dəyişmir. Bir çox gənclərimizin yaşlı nəslə qarşı olan etirazı da onların içindəki «anlanmamaq» hissinin üsyanıdır.
Poeziyada növbəti sıçrayış
Poeziyamızdakı növbəti sıçrayış XXI əsrin ərəfəsində baş verdi. Bu dövrdə ortaya çıxan ədəbi nəsil, bir növ «60-cıların» mənəvi övladları idi, onların əksəriyyəti 60-cı illərdə doğulanlardır. Müstəqilliklə bərabər insanlara bir düşüncə sərbəstliyi də gəldi. Bu düşüncə sərbəstliyi fonunda isə poeziyaya yeni, özünəməxsus düşüncə tərzi olan insanlar gəldi. Adil Mirseyid, Adil Cəmil, , Qəşəm Nəcəfzadə, Qulu Ağsəs, Səlim Babullaoğlu, Murad Köhnəqala, Salam, Rasim Qaraca, Həmid Herisçi, Etimad Başkeçid, Zəhir Əzəmət, Xanəmir, Aqşin və s. kimi qələm adamlarımızın istetadı məhz bu illərdə parladı. Mənim yaradıcılığım da əsasən bu illərə təsadüf edir.Yeni Azərbaycanın ədəbi elitası da bu cür adamların sırasından formalaşır. Kimin istəyib-istəməməsindən asılı olmayaraq, bu belədir.
Ədbi elita gəncləşir
Siyasi elita gəncləşdiyi kimi ədəbi elita da gəncləşir. Gələcək ədəbiyyatımızın təməli qoyulur bu gün və deyim ki, bu çox uğurlu şəkildə edilir. Xüsusən də poeziya səhəsində. Bu gün yazılmış bir çox şeirləri dünya ədəbiyyatının ən yaxşı nümunələri ilə müqayisə etmək olar. Təəssüf ki, hələlik ədəbi tənqidin keyfiyyəti buna imkan vermir. Əlbəttə, Əsəd Cahangir, Aydınxan Əbilov, Nərgiz Cabbarlı və Səlim Babullaoğlunun bu yöndə müəyyən cəhdləri var, amma bu, yetərli deyil.
Şübhəsiz ki, bu gün yaranan ədəbiyyat köhnə təməllər üzərində durur, amma buna baxmayaraq, burada yeni şeylər də çoxdur. Bu illər ərzində Azərbaycanda istər nəsr, istərsə də poeziya sahəsində çox maraqlı əsərlər yaranıb”.
Mən indi də bu fikirdəyəm. Son iyirmi ildə poeziyada kifayət qədər özünü təstiq etmiş imzalar var. Əlbəttə, bizim yeni ədəbiyyat forma və məzmun etibarı ilə özündən əvvəlkilərdən fərqlənir. Bu da təbiidir. Ötən əsrin 30-40-cı illərində Səməd Vurğun, Suleyman Rüstəm, Rəsul Rza, Mikayıl Müşfiq və başqaları klassik poeziyadan fərqli bir ədəbiyyat ortaya qoyduqları kimi, bu günün ədibləri də öz zamanının mətnlərini ortqya qoyur.
Ədəbiyyatımızda nə çatışmır?
Elə şeylər var ki, ümumbəşəridir. Dünyada mədəniyyətlərin yaxınlaşması və sintezi gedir. Bu gün informasiya axını elədir ki, heç kim bundan qaça bilməz. İnternet demək olar ki, bütün informatik sərhədləri aradan götürüb. Lakin bu o demək deyil ki, ədəbiyyat milli zəmində olmamalıdır. Mən milli zəmin dedikdə klassikanı yamsılayanları nəzərdə tutmuram. Məsələn, Bakıda yeni bina tikirlər və bu bina öz görünüşü ilə Qız qalasına bənzəyir. Ancaq bu bina bütün müasir tələblərə və komforta cavab verir. Bax, ədəbiyyatımızda bu çatışmır.
Klassikanın yamsılanması heç kimə lazım deyil, çünki klassiklər daha dəyəli əsərlər yaradıblar, Avropanın yamsılanması da heç kimə lazım deyil. Nə burda, nə də Avropada. Musiqiçilərimiz və arxitektorlarımız zamanla daha çox bağlıdırlar. Amma istəsək də, istəməsək də, çağdaş ədəbiyyatımızda artıq bu, baş verməkdədir. Çünki ədəbiyyatı yaradan adamlar cəmiyyətin içində yaşayırlar. Cəmiyyətdə gedən proseslər, informasiya axını, yeni musiqi, yeni arxitektura onların düşüncəsinə, zövqünə öz təsirini göstərir.
Poeziyadan fərqli, nəsrdə bu proses zəif gedir. Forma və məzmun baxımından Kamal Abdullanın, Afaq Məsudun, Elçin Hüseynbəylinin əsərləri nəsrimizdə yenidir. Ədəbiyyatımızın həmişə bu tip əsərlərə ehtiyacı olub. Mən Kamal Abdullanı xüsusilı qeyd edərdim. O da bir yazıçı kimi özünü müstəqillik illərində təstiq edə bildi. Bədii ədəbiyyatda tarixlə sərbəst davranış dünya ədəbiyyatında yeni olmasa da, bizim ədəbiyyatda yenidir və Kamal Abdulla bunu çox ustalıqla edir. Bəlkə də ədəbiyyata və tarixə bu cür yanaşma Lütvi Zadənin "qeyri-səlis məntiq” -indən sonra yaranıb. Bu kəşf yalnız texniki sahələrə deyil, humanitar sahələrə də güclü təsir göstərib. Poeziyada mən bu təsiri daha çox Səlim Babullaoğlunun və Elxan Zalın şeirlərində görürəm. Belə mətnləri geniş şəkildə qavraya biləcək mühitin formalaşması üçün vaxt lazımdır və belə yazıların geniş kütlələr tərəfindən oxunmasına ümid etmək əsla düzgün deyil. Azərbaycanlı oxucu ilə Avropa və Amerika oxucusunu zövqləri heç də eyni deyil. Qərbdə postmodernist ədəbiyyatı oradakı postmodern həyat tərzi doğurdu. Bizdə hələlik belə bir cəmiyyət yoxdur, lakin Azərbaycan israrlı şəkildə Avropa birliyinə can atdığından, yaxın gələcəkdə bizdə də Avropa cəmiyyətinə uyğun bir cəmiyyətin yaranacağı ümidi yaradır. Hələlik isə biz dünya səhnəsində öz yerini axtaran bir Azərbaycanda yaşayırıq. Burada yaranan ədəbiyyat da bu cəmiyyətin ürünüdür.
İstedadla istedadsızlığın ölçüləri itib
İstər nasir olsun, istər şair, onlar öncə öz xalqına məxsusdurlar. Hər bir ədibin yaratdığı ədəbiyyat da öz xalqının ehtiyaclarından doğulur və öz xalqına xitmət edir. Çünki ədəbiyyat hər şeydən əvvəl dil faktorudur və dilin yaşamasında, inkişafında müstəsna əhəmiyyətə malikdir. Uzun müddət inkişafdan qalmış Azərbaycan dili, indiki sürətli texnoloji zamanda yeni sözlər və terminlərlə zənginləşdirilməyə böyük ehtiyac duyur. Bu işdə bədii ədəbiyyatın, xüsusilə tərcümə ədəbiyyatının önəmli rolu var. Təssüf ki, indi bədii tərcümə ilə daha çox diletantlar məşğul olur. Son iyirmi ildə bədii ədəbiyyatın əsas çatışmamazlığı yaxşı mətnlərin yaranmasında yox, yaxşı əsərlərin təbliğinin yox dərəcəsində olmasındadır. Müvafiq qurumlar və onların məddahları cəmiyyətə daha cox aşağı çeşidli əsərləri sırımağa çalışır və belə bir fon yaradırlar ki, Sovet epoxası ilə ədəbiyyat da qurtardı. Azərbaycan ədəbiyyatının bu gününü təmsil edənlər cəmiyyətin ən aztəminatlı hissəsidir. Buna baxmayaraq onların yazdıqları xarici dillərə çevrilir və nəşr edilir. Anar müəllimin AYB-nin 75-illiyində etdiyi məruzədə xaricdə daha çox nəşr olunan ədiblər kimi adlarını çəkdiyi Elxan Zal, Qəşəm Nəcəfzadə, Səlim Babullaoğlu bunu öz imkanları səviyyəsində edirlər, hər hansı bir kömək olsa, bu daha geniş səviyyədə olar. Ədəbiyyatımızın xarici ölkələrdə təmsil olunmasında Səlim Babullaoğlu çox işlər görüb və görür. Amma bu onun entuziazmı sayəsində baş verir, müvafiq qurumlar bu işə sistemli dəstək versələr, ədəbiyyatımız dünya səhnəsində daha geniş spektrdə təmsil olunar.
Hesab etmirəm ki, Azərbaycan ədəbiyyatı qısırlaşıb. Sadəcə onu qısır görmək istəyənlər var və ədəbiyyat bazarında xaos hökm sürür. Bu gün bizdə istedadla istedadsızlığın ölçüləri itib. İstedadlılara kömək edin cənablar, istedadsızlar özlərinə yol tapacaq.
Baxış: 1271 | Əlavə etdi: afgan73 | Reytinq: 5.0/1
Bütün şərhlər: 1
1 afgan73  
0

Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!