: Çağdaş Azərbaycan poeziyası - 18 Марта 2010 - Персональный сайт
Bazar, 19/05/2024, 01:13
Qədim Oğuz qəzeti Sizi salamlayır
Ana səhifə Qeydiyyat Giriş
Sizi təkrar görməyimizə şadıq,, Гость · RSS
Sayt menyusu
Sadə çat



More Cool Stuff At POQbum.com

 
Əsas » 2010 » Mart » 18 » Çağdaş Azərbaycan poeziyası
19:19
Çağdaş Azərbaycan poeziyası
Namiq HacıheydərliÇağdaş Azərbaycan poeziyasının istiqamət meylləri
 
Namiq Hacıheydərli
 
Azərbaycan ədəbiyyatının ən azı 3 min il yaşı var. Bunu qaynaqlar və çağdaş ədəbiyyatşünaslığımızın uğurları təsdiq edir. Dünyanın və eləcə də bu gün bəzilərimizin qabaqcıl mədəniyyət və ədəbiyyat yaradıcısı hesab etdiyi Qərbin bəzi dövlətlərində yazılı ədəbiyyat bir yana, şifahi xalq ədəbiyyatının mövcud olmadığı bir zamanda – 11-ci əsrdə Azərbaycanda ədəbiyyat elə bir zirvəyə yüksəlmişdi ki, artıq, özünə elmi-analitik baxış tələb edirdi. Bu tarixi zərurətdən Xətib Təbrizi kimi ədəbiyyatşünas meydana gəlmişdi. 11-ci əsrdə Xətib Təbrizinin timsalında Azərbaycan ədəbiyyatşünaslıq elminin yüksək səviyyədə olması sübut edir ki, ölkəmizdə bu elm hələ Xətib Təbrizidən bir neçə əsr əvvəl mövcud olmuş və onun yaradıcılığında professional səviyyəyə yüksəlmişdi. Hələ 7-8-ci əsrlərdə Musa Şəhəvat, İsmayıl ibn Yəsar, onlardan 1300-1500 il əvvəl Şərqdə peyğəmbər kimi tanınan "Avesta” yaradıcısı Zərdüşt, orta əsrlərdə Qətran Təbrizi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Qazi Bürhanəddin, Məhəmməd Füzuli və bu kimi Azərbaycan ədəbiyyatında silsilə dağlara bənzəyən qələm adamlarının varlığını düşünəndə Azərbaycan xalqının böyüklüyü və mənəvi zənginliyi göz önündə canlanır. Azərbaycan xalqının minilliklər boyu yaratmış olduğu şifahi ədəbi nümunələri – bayatıları, atalar sözlərini, lətifələri, əkinçi nəğmələrini, sayaçı sözlərini, əfsanələri, nağılları, xalq mahnılarını və digər yaradıcılıq örnəklərini də buraya əlavə edəndə çağdaş Azərbaycan ədəbiyyatının nə qədər zəngin və dərin köklərə dayandığını və hansı xəzinədən qaynaqlandığını düşünmək hər bir azərbaycanlıda qürur duyğusunu oyadır. Tarixin bütün dönəmlərində olduğu kimi çağdaş ədəbiyyatımızda da poeziya aparıcı ədəbi yaradıcılıq növü olduğu üçün bu ədəbi növ üzərində bir qədər dayanmaq, diqqəti poeziyaya yönəltmək zərurətə çevrilir. Çağdaş Azərbaycan poeziyası məzmununa və istiqamət meyllərinə görə bir neçə qrupa ayrılır: Klassik Şərq və eləcə də klassik Azərbaycan poeziyası üslubunda yazıb-yaradanlar; Qərb ədəbiyyatı təsirilə yazıb-yaradanlar və ya bu üslubda yazmağa çalışanlar; Milli-mənəvi dəyərlər üzərində yazıb-yaradanlar. Bunlardan birincisini, yəni, klassik üslubda yazanların özünü iki qrupa ayırmaq mümkündür: Daha çox orta əsrlər Şərq ədəbiyyatının təsirilə ərəb-fars tərkibli söz və ifadələrdən geniş istifadə etməklə yazanlar. Bu qrupdan olanlar öz yaradıcılığında daha çox klassik şeir növlərindən – qəzəllərdən, təxmislərdən istifadə edir, nəzirə yazır və poetik ifadə tərzinə görə yeni bir söz deyə bilməyib daha çox klassik söz ustalarına, misal üçün Füzuliyə, Seyid Əzimə və digərlərinə bənzəməyə çalışırlar. Formaca və məzmunca klassik, poetik ifadə tərzinə görə yeni şeir yazmağa çalışanlar. Bunlar da birincilərdən o qədər fərqlənməyib ciddi uğurlar əldə edə bilmirlər. Nədən ki, əsrlərlə öncə yazılmış şeirlərin cazibəsindən çıxa bilmirlər. Birincilərdən üstünlükləri onların poeziya dilinin çağdaş oxucu dilinə bir qədər yaxın olmasıdır. Qərb ədəbiyyatı təsirilə yazanlar çalışdıqları və ya əməkdaşlıq etdikləri mətbuat orqanlarında ayrı-ayrı Qərb ədəbiyyatı nümayəndələrini nəşr etməklə, sanki, özlərinin başqalarından Qərb ədəbiyyatına, mədəniyyətinə daha yaxın olduğunu sübut etmək istəyirlər. Qərb ədəbiyyatı təsirilə yazanları da iki qrupa ayırmaq mümkündür: Qərb ədəbiyyatını daha öncül ədəbiyyat hesab edərək bu ədəbiyyatın və tərcümə olunmuş ədəbi örnəklərin təsirilə yazıb-yaradanlar. Bu qrupdan olanların ədəbi örnəkləri bəzən plagiatçılıq səviyyəsindən irəli getmədiyi üçün onları Qərb ədəbiyyatı təqlidçiləri də adlandırmaq mümkündür. Qərb ədəbiyyatı təsirilə eksperiment kimi yazılmış şeirlər. Ədəbiyyatda, özəlliklə poeziyada eksperiment qəbul olunmadığından və belə şeirlər bir çox hallarda poeziya ruhundan, bədii enerjidən məhrum olduğu üçün Azərbaycan ədəbi mühitində ayaq açmır, yerimir. Çağdaş Azərbaycan poeziyasında üçüncü yön, milli-mənəvi dəyərlərə dayanaraq yaradılan poeziya örnəkləridir. Say baxımından belə şeirlərin və şairlərin sayı milli ruha yabançı olan yazılardan və yazarlardan azdır. Ancaq, üç min illik Azərbaycan ədəbiyyatı tarixində bütün dövrlərdə olduğu kimi çağdaş zamanda da milli-mənəvi dəyərlərə uyğun olmayan örnəklər ədəbiyyatımızda uzunömürlü olmayacaq. Azərbaycan ədəbiyyatında qədim və zəngin köklərdən qaynaqlanan, əsrlərlə yol gələn, Nəsimi poeziyasında zirvəyə yüksələn milli özünüdərk düşüncəsinin poeziyada təcəssümü, 20-ci əsrdə Əli Bəy Hüseynzadə, Hüseyn Cavid, Almas Yıldırım, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Sabir Rüstəmxanlı poeziyasında daha geniş məzmun daşımağa başladı, azərbaycançılıq düşüncəsindən ümumtürkçülük, turançılıq səviyyəsinə yüksəldi. Bu yüksək məqsədlər millətin minillik istək və arzularından doğduğu üçün millətin ürəyinə yol tapdı. Yeni ədəbi nəsillərdən Elçin İskəndərzadə, Əkbər Qoşalı, Elçin Mirzəbəyli, Elxan Qaraxanlı, Vasif Süleyman, Rəsmiyyə Sabir, Həyat Şəmi, publisistika və nəsrdə Azər Turan, Güllü Yoloğlu, Azər Həsrət, Eluca Atalı, Aygün Həsənoğlu, daha gənc nəsildən Hafiz Hacxalıl, Ələmdar Cabbarlı, Günay Dağlı və başqalarının ədəbi səhnəyə gəlişinə və milli düşüncə daşıyıcısı kimi yetişməsinə zəmin yaratdı. Çağdaş dövr Azərbaycanda milli özünüdərk, kökəqayıdış düşüncəsinin genişlənməsində və gəlişməsində, turançılıq məfkurəsinin qol-qanad açmasında bəzi dərgi, qəzet və ədəbi qüvvələrin əməyi danılmazdır. Ancaq, bu yönümdə millət olaraq oxucuya gəldiyimiz yolu və ulu kökümüzü xatırladıb, gedəcəyimiz yolu bəlli etməkdə, hər cür yad, milli düşüncəyə yabançı təsirlərdən uzaq, tam milli qaynaqlara dayanan ədəbiyyatın yüksəlişində seçilən bir ədəbi qurum var: Bu, Dünya Gənc Türk Yazarlar Birliyidir. Artıq, 11 yaşına qədəm qoyan DGTYB tarix baxımından böyük olmayan zaman kəsimində bir neçə onilliyin işini görüb. Çağdaş Azərbaycan poeziyasında ümummilli ədəbi düşüncənin dərin kök salmasında gerçək addımlar atıb. İldə bir dəfə "Türkün səsi” antologiyasını, Türkiyədə iki hissəli "Çağdaş Azərbaycan şeiri” toplusunu, Azərbaycanda türksoylu xalqların ədəbiyyatından seşmələri ardıcıl nəşr etməklə dünya gənc türk yazarları arasında qarşılıqlı ədəbi əlaqələrin qurulması prosesini xeyli sürətləndirib. Qərb ədəbiyyatından plagiatçılığın, klassik ədəbiyyatımızda təkrar-təkrar deyilmiş ifadələrin və ərəb-fars tərkibli sözlərin bəzi yazarlarımız tərəfindən çağdaş ədəbiyyata gətirilməsindən və gətirənlərdən fərqli olaraq, DGTYB qardaş türk xalqlarının zəngin ədəbiyyatından və bu ədəbiyyatın dərin qatlarından faydalanmağın örnəyini yaradıb. Ədəbiyyata yeni gələn milli ədəbi qüvvələri ruhlandırmağa, qol-qanad verməyə çalışıb. Bu gün dünyada gedən kürəsəlləşmə prosesində milli özlüyümüzü və milli kaloritimizi qorumağa daha çox ehtiyac var. Dünyaya yad təsirlərdən qaynaqlanan, milli köklərə dayanmayan poeziya örnəkləri ilə deyil, milli kimliyimizin tərcümeyi–halı olan şifahi xalq ədəbiyyatımızla, Zərdüştdən, Dədə Qorquddan, Nəsimidən, Qazi Bürhanəddindən gələn milli, milli olduğu qədər də bəşəri Sözümüzlə çıxmalıyıq. Əks halda kürəsəlləşmə və ya qloballaşma deyilən əjdahanın yeminə çevrilə bilərik.
Baxış: 1512 | Əlavə etdi: afgan73 | Reytinq: 5.0/1
Bütün şərhlər: 1
1 afgan73  
0

Имя *:
Email *:
Код *:
Copyright MyCorp © 2024
Bizim sorğu
Оцените мой сайт
Всего ответов: 60
Statistika

Xətdə cəmi: 1
Qonaqlar: 1
İstifadəçi: 0
GİRiŞ
Bura səhifənin qurtaracağıdır!!!